Almaniya Putinin Trampla Macarıstanda görüşəcəyi təqdirdə həbs olunmasını tələb etdi
“Macarıstan Vladimir Putini Donald Trampla görüş üçün Budapeştə gələn kimi həbs etməlidir”.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya hökuməti açıqlama verib.
Rəsmi Berlinin bu tələbi irəli sürməsinə səbəb, Rusiya prezidentinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən 2023-cü ildə Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların oğurlanması və Rusiyaya deportasiyası ilə bağlı barəsində cinayət işi açılmasıdır.
Almaniya hökuməti Macarıstana xatırladıb ki, ölkə BCM-nin üzvüdür və buna görə də, Putinin ərazisinə daxil olması halında həbs qərarını icra etməyə borcludur.
Lakin Macarıstanın xarici işlər naziri bildirib ki, Rusiya lideri Budapeştə səfər etsə belə, hökumət onu həbs etməyəcək:
“Beynəlxalq Cinayət Məhkəməsinin qərarı rəsmi olaraq yalnız 2026-cı ildə qüvvəyə minəcək. Hazırda orderin icrası tələb olunmur”.
Avropa İttifaqından isə bildirilib ki, sanksiyalar Putinin Avropaya səfərini qadağan etmir.
Macarıstanın baş naziri Viktor Orban da Tramp-Putin görüşünü “məntiqli addım” adlandırıb və hətta bu görüşün “Allahın göndərdiyi bir siqnal” ola biləcəyini söyləyib.
Bununla belə, Avropa Komissiyası Budapeştdə keçiriləcək sammiti “Ukrayna üçün ədalətli sülh” üçün bir fürsət kimi nikbinliklə qarşılayıb.
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov da Vladimir Putin və Donald Tramp arasında görüşün yaxın iki həftə ərzində Macarıstanda baş tuta biləcəyini təsdiqləyib.
Gülbəniz Səfərova






