"Alova bu maddələri tökmək partlayışa səbəb olur" - Tonqal başında EDİLMƏMƏLİ OLANLAR
“Novruz tonqalı bizim milli adət-ənənəmizdir. Amma unutmamalıyıq ki, tonqal açıq alov mənbəyidir və ehtiyatsızlıq olduqda çox ciddi xəsarətlərlə nəticələnə bilər”.
Bu sözləri Patrul.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib.
O, Novruz bayramında tonqal qalayan soydaşlarımıza çağırış edərək bu məqamda yarana biləcək əsas təhlükələri və onlardan qorunma yollarını açıqlayıb:
“Ən böyük risklərdən biri tonqalı yandırmaq üçün benzin, dizel və digər yanar maddələrdən istifadə edilməsidir. Bu, alovun ani şəkildə partlamasına, üz, əl və bədən nahiyəsində ağır yanıq xəsarətlərinə səbəb ola bilər. Təəssüf ki, bayram günlərində ən çox rast gəlinən travmalardan biri də məhz bu tip təhlükələrdir.
İkinci vacib məsələ tonqal yerinin düzgün seçilməsidir. O, yaşayış evlərindən, avtomobillərdən, ağaclardan, qaz xətlərindən və elektrik kabellərindən uzaq ərazidə qurulmalıdır. Küləkli havada isə tonqal qalamaq xüsusilə təhlükəlidir. Çünki qığılcım ətrafa yayıla bilər və yanğın riski artır”.

Ekspert vətəndaşlara tonqal ətrafında olan uşaqları daim nəzarətdə saxlamağa çağırıb:
“Tonqalı yandırarkən uşaqlara diqqət artırılmalı, onlar ocağın ətrafında nəzarətsiz buraxılmamalıdır. Tonqalın üstündən tullanmaq adət-ənənə olsa da, bunu da təhlükəsiz şəkildə etmək vacibdir. Bu zaman alovun hündürlüyü nəzərə alınmalı, azyaşlılar ümumiyyətlə tonqalın üzərindən tullanmamalıdırlar. Əks halda, ani bir ehtiyatsızlıq ciddi yanıq travmaları ilə nəticələnə bilər”.
O. Musayevin sözlərinə görə, tonqal zamanı baş verə biləcək faciələrin qarşısını almaq üçün geyim seçiminə də diqqət yetirilməlidir.
O, həmçinin bu adət zamanı yanıq xəsarəti alan şəxslərə necə yardım göstərilməli olduğunu da vurğulayıb:
“Tonqal üçün geyim seçimi də önəmlidir. Sintetik materiallar daha tez alışdığına görə, tonqal ətrafında pambıq tərkibli, rahat və təhlükəsiz geyimlərə üstünlük verilməsi məqsədəuyğundur. Əgər yanıq baş verərsə, ilkin tibbi yardım düzgün göstərilməlidir. Yanmış nahiyəyə dərhal 15 dəqiqə sərin su verilməli, bundan sonra isə yanıq əleyhinə istifadə olunan preparatlarla müvəqqəti müdaxilə edilməli və daha sonra müvafiq tibb müəssisələrinə müraciət olunmalıdır. Yanığın üzərinə diş pastası, qatıq, yağ və digər məişət vasitələri çəkilməməlidir. Bu, vəziyyəti daha da ağırlaşdıra bilər”.
“Vətəndaşlara bir daha tövsiyə edirəm ki, bayram adət-ənənəsini yaşadarkən təhlükəsizlik qaydalarını da unutmasınlar. Çünki məqsəd xəsarət almaq və ya acı xatirələrlə yadda qalmaq deyil, bayramı qeyd etməkdir. Bir qədər diqqət və məsuliyyətlə həm yaxınlarımızı, həm də özümüzü qoruya bilərik. Bayramlarınız təhlükəsiz keçsin”, – deyə həmsöhbətimiz əlavə edib.
Gülbəniz Səfərova






