Altıağac Milli Parkında piknik yerlərinə əlavə ödəniş yolverilməzdir – Xidmət rəsmisi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndinə əsasən, milli parkların ərazilərində təbiət istifadəçilərinə xidmət göstərilməsi məqsədilə müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlərin istifadəyə verilməsi mümkündür.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, Altıağac Milli Parkında sözügedən piknik ərazisində yerləşən iki söhbətgah da məhz bu qərara uyğun olaraq razılaşma əsasında istifadəyə verilib.
İstifadəçi tərəfindən tələb edilən məbləğ yalnız müəyyən piknik avadanlıqları ilə təchiz edilmiş həmin söhbətgahlarda göstərilən iaşə xidmətlərinə aiddir və bu xidmətdən istifadə turistin öz şəxsi istəyinə bağlıdır.
Əgər istifadəçi söhbətgahlardan kənar piknik yerləri və ümumi əraziyə giriş üçün əlavə ödəniş tələb edirsə, bu, qanunvericiliyə uyğun deyil və yolverilməzdir. Məsələ tərəfimizdən araşdırılacaq.
Qeyd edək ki, milli parkların ərazisinə giriş haqqı Nazirlər Kabinetinin eyni qərarı ilə 2 manat müəyyən olunub və ödəniş yalnız parkın əməkdaşları tərəfindən qəbul edilir.
Altıağac Milli Parkında ümumi istifadəyə açıq, ödənişsiz piknik əraziləri var və parka giriş haqqını ödəyən bütün vətəndaşlar bu ərazilərdən istifadə edə bilərlər.






