media-inshot_20260709_145723498

Azərbaycanda əməkhaqqının ödənilməsi qaydası uzun illərdir əsasən ayda bir dəfə tətbiq olunan sistem üzərində qurulub. Lakin son illərdə xüsusilə özəl sektorda əməkhaqqının iki hissəyə bölünərək ay ərzində iki dəfə ödənilməsi praktikası daha geniş müzakirə olunmağa başlayıb.

Bu fonda maraq doğuran əsas məsələlərdən biri də Azərbaycan qanunvericiliyinin əməkhaqqının ayda iki dəfə ödənilməsinə necə yanaşdığıdır. Görəsən, əməkhaqqının hissə-hissə verilməsi qanunla mümkündürmü və bununla bağlı işəgötürənlərin hansı öhdəlikləri var?

Patrul.az mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədova müraciət edib.

Hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyi əməkhaqqının ayda iki dəfə ödənilməsini qadağan etmir:

“Əksinə, bu məsələyə çevik yanaşma tətbiq edilir və tərəflərin qarşılıqlı razılığı əsasında əməkhaqqının hissə-hissə ödənilməsinə hüquqi imkan yaradılır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Bununla yanaşı, işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq olduqda aylıq əməkhaqqı iki hissəyə bölünərək – bir hissəsi avans, qalan hissəsi isə son ödəniş kimi – ayda iki dəfə verilə bilər. Bu zaman ödənişlər arasında fasilə 16 gündən artıq olmamalıdır.

Bu norma onu göstərir ki, ayda iki dəfə əməkhaqqı ödənilməsi tamamilə qanunidir. Lakin bunun üçün əsas şərt tərəflərin razılığıdır. Praktikada bu razılıq əmək müqaviləsində, kollektiv müqavilədə və ya işəgötürənin daxili qaydalarında öz əksini tapa bilər. Əmək Məcəlləsi həmçinin kollektiv və ya əmək müqaviləsində əməkhaqqının ödənilməsi ilə bağlı fərqli müddətlərin də müəyyən edilə biləcəyini nəzərdə tutur”.

media-94130ea1164561939414688954910077184

E.Məmmədov əlavə edib ki, son illərdə xüsusilə özəl sektorda əməkhaqqının iki hissəyə bölünərək ödənilməsi daha geniş tətbiq olunur:

“Bu model işçilərin aylıq maliyyə yükünün bölüşdürülməsinə, gündəlik xərclərin daha rahat planlaşdırılmasına imkan yaradır.

Qeyd olunanlardan da göründüyü kimi Azərbaycan qanunvericiliyi əməkhaqqının ayda iki dəfə ödənilməsinə imkan verir və bunu tərəflərin qarşılıqlı razılığı əsasında hüquqi cəhətdən mümkün hesab edir. Əsas tələb odur ki, ödənişlər qanunla müəyyən edilmiş müddətlərə uyğun həyata keçirilsin, işçinin əmək hüquqları pozulmasın və əməkhaqqı tam həcmdə, vaxtında ödənilsin. Bu baxımdan, ayda iki dəfə maaş verilməsi həm qanuni, həm də müasir əmək münasibətlərində geniş tətbiq olunan ödəniş modellərindən biri hesab edilir”.

Ləman Sərraf


Bənzər xəbərlər