Atasının ölümündən sonra ilk dəfə xalqının qarşısına çıxacaq - Dəqiq tarix verildi
İranın yeni Ali dini lideri, mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei atasının vəfatından və özünün hakimiyyətə gəlməsindən sonra ilk dəfə kütləvi ictimaiyyət qarşısına çıxacaq.
Patrul.az xəbər verir ki, bu barədə məlumatı İranın hakimiyyətə yaxın “Fars” agentliyi yayıb.
Bildirilib ki, M.Xamenei iyulun 19-da Qum şəhərindəki Fatimə Məsumə məqbərəsində keçiriləcək anım mərasimində iştirak edərək çıxış edəcək.
Sözügedən tədbirin təşkilatçısının da birbaşa onun özü olduğu bildirilir.
Xatırladaq ki, Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində öldürülməsindən dərhal sonra Müctəba Xamenei yeni Ali Lider seçilsə də, bu vaxta qədər onun heç bir foto, video və ya səs yazısı yayımlanmayıb. Onun uzun müddət ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbi kimi, həmin hava hücumunda özünün də ağır yaralanması və bir müddət Qum şəhərində müalicə alması göstərilirdi.
Qeyd edək ki, sabiq Ali dini lider Əli Xamenei iyulun 9-da doğulduğu Məşhəd şəhərində, İmam Rza məqbərəsinin yaxınlığında dəfn olunub.
Gülbəniz Səfərova






