media-inshot_20260709_162026788

Rusiya hüquq-mühafizə orqanları regional  diaspor rəhbərlərinə qarşı yoxlamaları gücləndirərək son bir ildə artıq dördüncü azərbaycanlı ictimai xadimi vətəndaşlıqdan məhrum edib.

Patrul.az Rusiyanın nüfuzlu “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, bu dəfə “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilib.

Məlumata görə, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və “Pravovoy Sovetnik” Samara vəkillər kollegiyasının vəkilidir.

Vilayətin İctimai Palatasından verilən ilkin açıqlamada bildirilib ki, Kərimovun statusunun ləğv edilməsi üçün hələlik rəsmi dövlət bildirişi daxil olmayıb.

Bildirilib ki, Ş. Kərimov vətəndaşlığının ləğv edilməsi barədə bildirişi Azərbaycanda olarkən alıb və hazırda Rusiya hüdudlarından kənardadır.

Son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır.

Ş. Kərimovun vətəndaşlıqdan çıxarılması regional diaspor rəhbərlərinə qarşı tətbiq edilən ilk belə hal deyil. Rusiyada azərbaycanlı ictimai xadimlərin qazanılmış vətəndaşlıqlarının ləğv edilməsi artıq ardıcıl xarakter almağa başlayıb.

Xatırladaq ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov Rusiya vətəndaşlığından məhrum edilib.

Keçən ilin sentyabr ayında Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun vətəndaşlığı ləğv olunub. O, hazırda ölkədən deportasiya edilmək üçün miqrantların müvəqqəti saxlanma məntəqəsində yerləşdirilib.

Bu ilin fevral ayında İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov isə analoji qərarla üzləşib və vətəndaşlığı əlindən alınıb.

Qeyd edək ki, Ş. Kərimovla bağlı verilən qərarın rəsmi səbəbləri hələlik açıqlanmayıb.


Bənzər xəbərlər