Onlayn satıcı pulu aldı, məhsulu göndərmədi? - Onu bu cəzalar gözləyir!
Sosial şəbəkələr üzərindən fəaliyyət göstərən onlayn mağazalardan alış-veriş edənlərin sayı artdıqca, əvvəlcədən ödəniş edildiyi halda məhsulun göndərilməməsi ilə bağlı şikayətlər də çoxalır. Belə hallarda alıcıların əlində olan yazışmalar, bank köçürməsi və ya kart ödənişi qəbzləri hüquqi baxımdan nə dərəcədə sübut sayılır? Məhsulu göndərməyən satıcını hansı mülki, inzibati və ya cinayət məsuliyyəti gözləyə bilər?
Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, sosial şəbəkə yazışmaları, ödəniş qəbzləri və bank çıxarışları məhsul göndərilmədiyi hallarda məhkəmədə sübut kimi istifadə oluna bilər:
“Sosial şəbəkələrdə fəaliyyət göstərən mağazalarda alıcının məhsulun dəyərini əvvəlcədən ödəməsinə baxmayaraq məhsulun göndərilməməsi, ilk növbədə mülki-hüquqi öhdəliyin icra edilməməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, alqı-satqı münasibətlərində satıcı müqavilədə nəzərdə tutulmuş əşyanı alıcıya verməyə borcludur. Bu öhdəlik yerinə yetirilmədikdə alıcı ödənilmiş məbləğin geri qaytarılması, zərərin əvəzinin ödənilməsi və digər mülki hüquqi müdafiə vasitələrinin tətbiqi tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin sübutlara dair müddəalarına görə, tərəflərin tələb və etirazlarını əsaslandıran, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar sübut kimi qəbul edilir. Bu baxımdan sosial şəbəkə yazışmaları, sifarişin təsdiqi, satıcının hesab rekvizitləri, ödəniş qəbzi, bank çıxarışı və çatdırılma ilə bağlı elektron məlumatlar məhkəməyə təqdim oluna və onların aidiyyəti, mümkünlüyü və mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirilə bilər”.

Vəkil qeyd edir ki,əgər satıcı əvvəlcədən aldatmaq niyyəti ilə pulu alıb məhsulu göndərməyibsə, bu əməl dələduzluq əlamətləri daşıya və cinayət məsuliyyəti yarada bilər:
“Bununla yanaşı, satıcının hərəkətlərində əvvəlcədən alıcını aldatmaq, mövcud olmayan məhsulu satmaq adı ilə pul vəsaitini ələ keçirmək, ödənişdən sonra əlaqəni kəsmək, saxta səhifə və ya internet resurslarından istifadə etməklə çoxsaylı şəxsləri eyni qaydada aldatmaq kimi hallar varsa, məsələ artıq təkcə mülki mübahisə deyil, cinayət-hüquqi xarakter də daşıya bilər. Belə hallarda əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə dələduzluq kimi tövsif oluna bilər; Ali Məhkəmənin mövqeyinə görə dələduzluq o halda mövcud olur ki, şəxsin niyyəti öhdəliyi icra etməyə deyil, əmlakı qanunsuz və əvəzsiz olaraq ələ keçirməyə yönəlmiş olsun. Bundan əlavə, satıcı sahibkarlıq və ya ticarət fəaliyyəti çərçivəsində istehlakçını aldatmışdırsa, zərər 300 manatdan artıqdırsa Cinayət Məcəlləsinin 200-cü maddəsi – istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma – üzrə də hüquqi qiymətləndirmə aparıla bilər. Bu səbəbdən alıcı həm mülki qaydada pulun və zərərin tutulması barədə iddia qaldıra, həm də dələduzluq və digər cinayət əlamətləri üzrə polis və ya prokurorluq orqanlarına müraciət edə bilər”.
Cəmilə Cəfərzadə






