media-inshot_20251014_183737934

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Misir, Qətər, ABŞ və Türkiyə liderləri arasında Qəzzada atəşkəsin yekun sənədi imzalanması ilə İsrail və HƏMAS arasında atəşkəs bərpa olunub. “Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlamadı”, deyən Tramp Sammitə dəvətli liderlərin gözünün qarşında müharibənin bitdiyini elan edib. Bu atəşkəs HƏMAS və İsrailin Trampın təklif etdiyi 20 bəndlik sülh planının birinici hissəsini qəbul etdikdən sonra baş tutub.

Xatırladaq ki, 2023-cü ilin 7 oktyabr tarixində Fələstinin HƏMAS silahlı qruplaşmasının İsraildə terror aktı törətməsi ilə başlanan müharibədə 24 noyabr 2023-cü ildən 30 noyabr 2023-cü ilə qədər Qətərin vasitəçiliyi ilə də atəşkəs baş tutmuşdu. Lakin bundan sonra tərəflər bir-birlərinə hücum etməyə başladılar. İndi isə yenidən hər iki qüvvə arasında atəşkəs bərqərar edilib.

Maraqlıdır ki, tərkisilah olunacağı deyilən HƏMAS-ın taleyi atəşkəsdən sonra necə olacaq? Bu atəşkəs əvvəlkinə bənzəyəcmi? Xarabalığa çevrilən Qəzzanın gələcək taleyi barədə Patrulaz.az-a şərhini verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Qəzza zolağında atəşkəs üzrə münasibətləri gərginləşdirən qüvvələr məhv edildiyindən Qəzzanın bərpası prosesi gözlənilir:

media-img-20250718-wa0030

“Qəzzada pozuculuq fəaliyyəti ilə məşğul ola biləcək proksi qüvvələr zərərsizləşdirilib. Bu baxımdan, Qəzzada yenidən münaqişənin başlaması və yaxud silahlı qruplaşmaların istənilən formada fəaliyyət göstərməsi ehtimalı azdır. Çünki həmin qruplaşmalara bu və yaxud başqa formada dəstək verən dövlətlər belə sülh sazişini imzalayıblar. Kənarda qalan dövlətlərdən olan İran Qəzzada sülhün tərəfdarı olaraq çıxış edib. Rusiya da həmçinin. Bir sözlə, regiondakı vəziyyəti gərginləşdirəcək bütün qüvvələr Trampın Qəzza ilə bağlı planını dəstəkləyirlər”.

Politoloqun fikrincə, İsrail və Fələstin arasında münasibətlərin normallaşması tərəflərin bir-birini tanımasına da gətirib çıxara bilər:

“Fikrimcə, bundan sonrakı mərhələdə HƏMAS-ın silahsızlaşdırılması, fələstinlilərin evlərinə geri qayıtması, Qəzzada yenidənqurmanın aparılması və idarəetməninin formalaşdırılması kimi məsələlər baş tutacaq. Bunun ardınca Fələstin Administrasiyasının Prezidenti Mahmud Abbasın bəyan etdiyi kimi, Fələstin Muxtariyyatında seçkilərin keçirilməsi və dövlətin tanınması istiqamətində addımların atılmasıdır. Bura həm də, Fələstinin İsraili, əksinə İsrailin Fələstini tanıması kimi məsələlər də daxil ola bilər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər