Avtomobil nömrəsini gizlədən sürücüləri BU CƏZALAR GÖZLƏYİR - VƏKİL AÇIQLAMASI
Son dövrlər bəzi sürücülər tərəfindən yol hərəkəti qaydalarından yayınmaq məqsədilə avtomobilin dövlət qeydiyyat nişanını gizlədən və ya oxunmasını çətinləşdirən müxtəlif qurğulardan istifadə halları müşahidə olunur. Bu cür vasitələr adətən sürət kameralarından və digər nəzarət sistemlərindən yayınmaq üçün tətbiq edilir. Lakin belə addımlar qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yarada bilər.
Bəs, avtomobil nömrələrini gizlətmək üçün qurğular alanları və istifadə edənləri hansı cəzalar gözləyir?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, dövlət qeydiyyat nişanını qəsdən örtmək və ya gizlədən qurğu quraşdırmaq inzibati məsuliyyət yaradır:
“Əgər sürücü dövlət qeydiyyat nişanını örtürsə (lent, plyonka, tor və s. ilə), mexaniki və ya elektron qurğu ilə nömrəni dəyişən və ya gizlədən sistem quraşdırarsa,nömrənin oxunmasını qəsdən çətinləşdirərsə, bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır”.

Vəkil qeyd edir ki, belə hallarda 500-800 manat cərimə tətbiq olunur:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 342.9. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir”.
Cəmilə Cəfərzadə






