"Avtopilot aktiv olsa da, məsuliyyət sürücüdə qalır" ŞƏRH
Avtopilot rejimində nəqliyyat vasitəsini idarə etmək texnologiyanın inkişafı baxımından maraqlı görünsə də, hələ də ciddi təhlükə mənbəyi sayılır.Buna baxmayaraq, bəzi sürücülər təhlükəni bilə-bilə sükan arxasında diqqətsiz davranır və məsuliyyəti texnologiyaya ötürürlər. Bəs bu kimi hallarda qanunvericilik belə sürücüləri nə kimi cəzalarla məsuliyyətə cəlb edir?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, avtopilot rejimində belə nəqliyyat vasitəsinin təhlükəsizliyinə görə tam məsuliyyət sürücünün üzərində qalır:
“Hazırda Azərbaycan qanunvericiliyində “avtopilot rejimi” anlayışı ayrıca müəyyən edilməyib. Yol Hərəkəti Haqqında Qanuna əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs onun hərəkət təhlükəsizliyinə görə tam məsuliyyət daşıyır.Beləliklə, avtopilot rejimi aktiv olsa belə, sürücü: sükanı nəzarətsiz buraxa bilməz,yolda baş verənləri izləməlidir,lazım gəldikdə idarəetməyə müdaxilə etməlidir.Əks halda bu, “idarəetməni diqqətsiz aparma” kimi qiymətləndirilir.Əgər belə vəziyyətdə baş verən qəza ölüm və ya ağır xəsarət ilə nəticələnərsə, məsuliyyət artıq inzibati deyil, cinayət məsuliyyəti səviyyəsinə yüksəlir”.

Hüquqşünasın sözlərinə görə, hazırda məsuliyyət sürücü və avtomobil sahibinin üzərində qalsa da, gələcəkdə avtopilot sistemləri üçün ayrıca hüquqi baza yaradılmalıdır:
“Hazırkı qaydalara görə, Azərbaycan qanunvericiliyində məsuliyyət avtomobilin sahibi və sürücüsü üzərində qalır — texnologiyanın deyil. Gələcəkdə “avtomatlaşdırılmış idarəetmə səviyyələri”ni müəyyən edən ayrıca hüquqi baza qəbul edilməlidir ki, bu zaman texniki istehsalçının və sistemin proqram təminatçısının məsuliyyət dairəsi də dəqiq göstərilsin”.
Cəmilə Cəfərzadə






