Azərbaycan məktəblərində erməni dili tədris oluna bilərmi? - RƏY
Ermənistanda Azərbaycan dilinin məktəblərdə tədris olunması ilə bağlı planların gündəmə gəlməsi son vaxtlar diqqət çəkib. Bu addım qonşu ölkədə müəyyən maraq doğurub. Azərbaycanda da bənzər ideyalar səslənir.
Bəs Azərbaycan məktəblərində erməni dilinin tədrisi mümkündürmü? Bu, hansı hallarda və necə həyata keçirilə bilər?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunda baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki,Erməni dilinin tədrisi yalnız elmi və strateji məqsədlərlə məqsədəuyğundur:
“Erməni dilinin məktəblərimizdə tədrisi məsələsinə sırf pedaqoji və strateji baxımdan yanaşmaq lazımdır. Əgər məqsəd qarşı tərəfi tanımaq, regionda baş verənləri daha dərindən anlamaqdırsa, o zaman bu, tədqiqat və dil öyrənmə baxımından faydalı ola bilər. Dünyanın bir çox ölkəsində qonşu xalqların dilləri məhz siyasi, tarixi və mədəni konteksti daha yaxşı başa düşmək üçün öyrədilir”.

Ekspertlərin fikrincə, erməni dilinin ümumi təhsildə deyil, yalnız ali və xüsusi proqramlar çərçivəsində öyrədilməsi məqsədəuyğundur:
“Amma bu, ümumi təhsil səviyyəsində deyil, daha çox ali təhsil və ya xüsusi dil-tədqiqat proqramları çərçivəsində məqsədyönlü şəkildə həyata keçirilməlidir. Məktəblərin əsas prioriteti milli kimliyin, Azərbaycan dilinin və dəyərlərinin qorunması olmalıdır.
Yəni, erməni dilinin öyrədilməsi məqsəd yox, vasitə olarsa – elmi, diplomatik və strateji baxımdan fayda verə bilər. Amma ümumi tədris planına daxil edilməsi bu mərhələdə məqsədəuyğun deyil”.
Cəmilə Cəfərzadə






