media-img-20260707-wa0032

Ailə daxilində həyat yoldaşlarının bir-birinin telefonunu yoxlaması və mesajlarını icazəsiz oxuması tez-tez mübahisələrə səbəb olur. Bəs həyat yoldaşının telefonundakı yazışmaları onun razılığı olmadan oxumaq qanun qarşısında hüquqi məsuliyyət yaradırmı? 

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, nikah tərəflərə bir-birinin telefonunu və şəxsi yazışmalarını icazəsiz oxumaq hüququ vermir:

“Ailə münasibətlərinin rəqəmsal məxfiliyin hüdudları ilə kəsişdiyi bu məsələ Azərbaycan hüquq təcrübəsində getdikcə daha tez-tez qarşılaşılan, lakin qanunvericilik baxımından hələ tam sistemləşdirilməmiş sahələrdən birini təşkil edir. İlk baxışda “evliyik, aramızda sirr olmaz” kimi qavranılan bu davranış hüquqi baxımdan ciddi nəticələr doğura bilər. Məsələ Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi çərçivəsində bir-birini tamamlayan bir neçə hüquqi müstəvidə eyni anda qiymətləndirilməlidir.

Məsələnin əsas hüquqi mahiyyəti ondan ibarətdir ki, nikah şəxsin şəxsi həyatına toxunulmazlıq hüququnu ləğv etmir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi həyatının sirrini, şəxsi yazışmalarının, telefon danışıqlarının, poçt, teleqraf və başqa rabitə vasitələri ilə olan mesajlarının sirrini qorumaq hüququnu açıq şəkildə təsbit edir. Bu norma evli şəxslərə münasibətdə heç bir istisna nəzərdə tutmur, yəni nikah əri ya arvadın digərinə məxsus yazışmaları oxumaq üçün hüquqi əsas yaratmır. Ailə hüququ baxımından isə Ailə Məcəlləsi nikahı tərəflərin bərabər hüquqlara malik olduğu bir birlik kimi müəyyənləşdirir. Bu birlik şəxsi məxfiliyin könüllü, qarşılıqlı paylaşılmasını nəzərdə tuta bilər, lakin heç bir halda tərəflərdən birinin digərinin məlumatlarına məcburi çıxış hüququnu yaratmır”.

R. Əzimzadə qeyd edir ki, əgər həyat yoldaşı digərinin telefonunu icazəsiz açaraq yazışmalarını oxuyursa, bu, şəraitdən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yarada bilər:

“İnzibati və cinayət məsuliyyəti baxımından vəziyyət daha da konkretdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi yazışma sirrinin pozulmasını inzibati xəta kimi təsnif edir. Cinayət Məcəlləsinin 156-cı maddəsi isə yazışma, telefon danışıqları, poçt, teleqraf və ya digər rabitə vasitələri ilə olan mesajların sirrinin pozulmasını cinayət əməli kimi müəyyənləşdirir. Sübutetmə baxımından isə burada mühüm fərq mövcuddur: məhkəmə telefonun icazəsiz açılıb-açılmadığını, şifrənin bilinib-bilinmədiyini, məlumatın sonradan başqalarına yayılıb-yayılmadığını araşdırır. Əgər həyat yoldaşı digərinin telefonunu onun xəbəri olmadan açıb yazışmaları oxuyubsa, bu, hüquqi baxımdan müstəqil bir pozuntu kimi qiymətləndirilə bilər”.

media-img-20260707-wa0034

Hüquqşünasın sözlərinə görə, həyat yoldaşının telefonundan icazəsiz əldə edilən yazışmalar məhkəmədə qanunsuz sübut hesab oluna və qəbul edilməyə bilər:

“Praktik müstəvidə isə məsələnin boşanma prosesi ilə əlaqəsi xüsusi diqqət tələb edir. Bir tərəf digərinin telefonunu icazəsiz oxuyaraq əldə etdiyi məlumatları boşanma məhkəməsində sübut kimi irəli sürmək istəsə, məhkəmə həmin sübutun qanunsuz yolla əldə edildiyini müəyyən etdiyi halda onu qəbul etməyə bilər. Azərbaycan Mülki Prosessual Məcəlləsinin ümumi prinsiplərinə görə qanunsuz yolla əldə edilmiş sübutlar məhkəmədə etibarsız sayılır. Başqa sözlə, icazəsiz oxuma həm özlüyündə hüquqi məsuliyyət yaradır, həm də əldə edilmiş məlumatların hüquqi dəyərini sıfıra endirir.

Məsələnin yekun hüquqi izahı ondan ibarətdir ki, ailə münasibətlərindəki emosional etibar hissi ilə hüquqi çərçivə arasında dəqiq bir xətt mövcuddur. Həyat yoldaşı digərinin telefonuna könüllü, açıq şəkildə çıxış icazəsi veribsə, hüquqi problem yaranmır. Lakin bu icazə olmadan, xüsusən şifrə sındırılaraq, yaxud sahibinin xəbəri olmadan telefona daxil olunubsa, həmin an şəxsi məxfiliyin konstitusion müdafiə altında olan hüdudları pozulur. Nikah bu hüdudları aradan qaldırmır, əksinə, tərəflərin bir-birinə qarşı olan güvən və hörmət öhdəliklərini daha da möhkəmləndirən hüquqi bir statusa çevrilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər