media-inshot_20260707_122726820

Valideynlər və yaxınlar uşaqları tərbiyə etmək və ya onları müəyyən davranışlardan çəkindirmək üçün bəzən qorxu üzərində qurulan ifadələrdən istifadə edirlər. İlk baxışdan zərərsiz görünən bu cümlələr qısa müddətdə təsirli nəticə versə də, mütəxəssislər bildirirlər ki, uzunmüddətli perspektivdə uşağın emosional inkişafına, özünü təhlükəsiz hiss etməsinə və ətraf mühitə münasibətinə mənfi təsir göstərə bilər.
Bəs uşaqlara “yeməyini axıra kimi yeməsən arxanca ağlayar”, “dərsini oxumasan şkafdakı canavar çıxar”, “dəcəllik etsən xala sənə iynə vurar” kimi ifadələr işlətmək onların psixologiyasına necə təsir göstərir?

Patrul.az mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun fikirlərini öyrənib.

O bildirib ki, uşaqlara “yeməyini axıra kimi yeməsən arxanca ağlayar”, “dərsini oxumasan şkafdakı canavar çıxar”, “dəcəllik etsən xala sənə iynə vurar” kimi qorxu üzərində qurulan ifadələrin işlədilməsi uzun illərdir tərbiyə üsulu kimi qəbul edilsə də, müasir psixologiya bu yanaşmanın uşağın emosional inkişafına mənfi təsir göstərdiyini göstərir:

“Qorxu vasitəsilə davranışı idarə etmək qısamüddətli nəticə versə də, uzunmüddətli dövrdə uşağın psixoloji təhlükəsizlik hissini zəiflədir və onun dünyanı təhlükəli məkan kimi qəbul etməsinə səbəb ola bilər.
Erkən yaş dövründə uşaqlar reallıqla fantaziyanı tam ayırd edə bilmirlər. Valideyn və ya yaxın böyüyün söylədiyi məlumat onlar üçün həqiqət kimi qəbul edilir. Buna görə də “canavar gələcək”, “polis aparacaq”, “həkim iynə vuracaq”, “yemək ağlayacaq” kimi ifadələr uşağın təxəyyülündə real təhlükə obrazları yaradır. Bu isə gecə qorxuları, ayrılıq narahatlığı, qaranlıqdan çəkinmə, yuxu pozuntuları və müxtəlif həyəcan reaksiyaları ilə nəticələnə bilər. Belə ifadələrin davamlı işlədilməsi uşağın böyüklərə olan etibarına da təsir edir. Uşaq sonradan deyilənlərin doğru olmadığını başa düşdükdə valideynin sözünə inamı zəifləyə bilər. Halbuki sağlam psixoloji inkişafın əsas şərtlərindən biri uşaqla etibara əsaslanan münasibətin formalaşdırılmasıdır”.

media-img-20260421-wa0019-1

Həmsöhbətimiz, bu cür ifadələrlə uşağın davranışının səbəbini deyil, yalnız cəzanı və qorxunu öyrəndiyini vurğulayıb:

“O, niyə yemək yeməli olduğunu, niyə dərs oxumalı olduğunu və ya niyə müəyyən qaydalara əməl etməli olduğunu dərk etmir. Davranışın motivasiyası daxildən deyil, qorxudan qaynaqlanır. Bu isə gələcəkdə müstəqil qərarvermə, məsuliyyət hissi və özünənəzarət bacarıqlarının inkişafını zəiflədə bilər.
Müasir psixoloji yanaşmalar uşağın davranışının qorxu ilə deyil, izah, sevgi, ardıcıllıq və müsbət motivasiya ilə istiqamətləndirilməsini tövsiyə edir. Valideyn uşağa yaşına uyğun dillə davranışın səbəbini izah etdikdə, seçim imkanı verdikdə və müsbət davranışı təşviq etdikdə daha sağlam nəticələr əldə olunur. Belə yanaşma uşağın həm emosional təhlükəsizlik hissini qoruyur, həm də şəxsiyyətinin sağlam formalaşmasına xidmət edir”.

“Azərbaycan Respublikasının “Psixoloji yardım haqqında” Qanununda da psixoloji rifahın, psixi sağlamlığın qorunması və inkişaf etdirilməsi əsas prinsiplərdən biri kimi müəyyən olunub. Eyni zamanda “Uşaq hüquqları haqqında” Qanuna əsasən uşaqların fiziki və psixi sağlamlığına mənfi təsir göstərə biləcək davranışlardan qorunması dövlət və cəmiyyətin mühüm vəzifələrindəndir. Ailədə tətbiq olunan tərbiyə üsulları da uşağın psixoloji təhlükəsizliyini təmin etməli və onun ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi üzərində qurulmalıdır. Valideynlər unutmamalıdırlar ki, uşağın yaddaşında ən uzunömürlü izlər çox vaxt qorxu deyilən sözlərdən yaranır. Bir neçə saniyə ərzində deyilən qorxuducu cümlə bəzən illərlə davam edən narahatlıq hissinin başlanğıcına çevrilə bilir. Buna görə də uşaq tərbiyəsində qorxutmaq deyil, anlamaq, dinləmək və izah etmək əsas prinsip olmalıdır. Psixoloji cəhətdən təhlükəsiz ailə mühiti uşağın gələcək emosional sabitliyinin və sağlam şəxsiyyət kimi formalaşmasının ən mühüm təməlidir”,– deyə o fikirlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər