media-6mmq245mzrlkbhrvsvsst7o3a4

Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun yerləşdiyi hotelin yaxınlığında iki güclü partlayış qeydə alınıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Məlumata görə, Fransa dövlət başçısı hücum zamanı xəsarət almadan, korteji partlayışdan qısa müddət əvvəl “Four Seasons” hotelinin ərazisini tərk edib. Suriya Dövlət Televiziyası partlayışlardan dərhal sonra Fransa prezidentinin təhlükəsiz şəraitdə Prezident Sarayına çatdığını və orada qəbul edildiyini bildirib.

İddiaya görə, əldəqayırma bombalar Makronun korteji “Four Seasons” hotelini tərk etdikdən cəmi 15 dəqiqə sonra partlayıb.

Təhlükəsizlik xidmətindəki mənbələr təsdiqləyib ki, hadisə hotel və Turizm Nazirliyinin binası ətrafında yerləşdirilmiş əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində törədilib. Hadisə şahidləri ərazidən qatı qara tüstünün yüksəldiyini bildiriblər.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik rəsmi məlumat yoxdur.

Partlayışdan dərhal sonra Suriya xüsusi xidmət orqanları hotelə gedən bütün yolları tamamilə bağlayıb, bölgədə hərbi qüvvələrin iştirakı ilə genişmiqyaslı təhlükəsizlik əməliyyatına başlanılıb.

Xatırladaq ki, Emmanuel Makron iyulun 6-da axşam saatlarında Suriyaya gəlib və ölkənin yeni prezidenti Əhməd əş-Şəra ilə regional təhlükəsizlik həmçinin investisiya imkanlarını müzakirə etmək üçün bir araya gəlib. O, 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə səfər edən ilk Qərb lideridir.

Qeyd edək ki, hazırda bu terror aktına görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər