Azərbaycan millisinə qarşı oyundakı ötürməsi ilə yadda qalan futbolçu "Avropanın qızıl ayaqqabısı" mükafatını aldı
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe “Avropanın qızıl ayaqqabısı” mükafatını qazanıb.
Patrulaz.az xəbər verir ki, Avropa İdman Mediası (ESM) tərəfindən Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilən mükafatlandırma mərasimində Mbappe mükafatı aldıqdan sonra emosiyalarını bölüşüb:
“Bu, mənim üçün çox vacib mükafatdır. İlk dəfədir ki, onu qazanıram və bu, mənə çox şey ifadə edir. Klubuma və komanda yoldaşlarıma hər zaman mənə dəstək olduqları üçün təşəkkür edirəm. Buraya gəlmək uşaqlıq arzum idi və buna nail oldum. Bu, mənim üçün böyük gündür”, – deyə futbolçu bildirib.
Mərasimdə çıxış edən “Real Madrid”in prezidenti Florentino Peres isə Mbappeni dünyanın ən güclü futbolçularından biri adlandırıb:
“Kylian dünyanın ən yaxşı futbolçularından biridir. O, arzusuna çatdı və bu mükafatı “Real Madrid”dəki ilk mövsümündə qazandı. Hörmətli Kylian, bu mükafat sizin futbola olan bağlılığınızın göstəricisidir. Klubumuzun dəyərlərini mükəmməl şəkildə təmsil edən belə bir oyunçuya sahib olmaqdan qürur duyuram”.
Qeyd edək ki, Kylian Mbappe ötən mövsüm İspaniya La Liqasında keçirdiyi matçlarda ümumilikdə 62 xal toplayıb. Futbolçu “Real Madrid”də isə 34 oyunda 31 qol vuraraq 2024–2025 mövsümündə liqanın bombardiri olub.
Məlumat üçün bildirək ki, Mbappe 2010–2011 mövsümündə Kriştiano Ronaldodan sonra “Real Madrid”də debüt mövsümündə “Qızıl buts” qazanan ilk futbolçu olub.
Xatırladaq ki, Fransa millisinin üzvü Mbappe 2025-ci il oktyabrın 10-da Azərbaycan yığmasına qarşı keçirilən və 3:0 hesabı ilə Fransa komandasının qələbəsi ilə başa çatan DÇ-2026 seçmə oyununda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Gülbəniz Səfərova






