“Maaşlar verilmir, evimizə çörək aparmağa pulumuz yoxdur” - Qobu Kərpic Zavodundan şikayət - VİDEO
Qobu Kərpic Zavodunda çalışan işçilər maaşlarının verilmədiyini iddia edirlər.
Patrul.az-a daxil olan məlumata görə, zavodun təxminən 30-a yaxın işçisi bir aydan artıqdır əməkhaqlarını ala bilmədiklərini bildirir. Onların sözlərinə görə, rəhbərlik maaşların nə vaxt veriləcəyi ilə bağlı dəqiq məlumat vermir, müxtəlif vaxtlar göstərərək ödənişin gecikdiyini bildirir.
İşçilər iddia edirlər ki, müəssisədə istehsal və satış prosesi davam etsə də, onlara “büdcədə vəsait yoxdur” cavabı verilir. Narazı vətəndaşların sözlərinə görə, hazırda bir çox işçi çətin vəziyyətlə üzləşib və ailəsinin gündəlik tələbatını qarşılamaqda çətinlik çəkir.
Müraciət edən şəxslər həmçinin bildirirlər ki, məsələ ilə bağlı rəhbərliklə görüşmək mümkün olmur, məsul şəxslər işçilərin qarşısına çıxaraq hər hansı açıqlama vermirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






