“Bu iki ölkəni yalnız ortaq kök, dil və mədəniyyət deyil, həm də Xəzər dənizində formalaşan strateji maraqlar birləşdirir” - ŞƏRH
“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi hadisədir. Azərbaycanla Türkmənistanı yalnız ortaq kök, dil və mədəniyyət deyil, həm də Xəzər dənizində formalaşan strateji maraqlar birləşdirir. Son illər ərzində Bakı ilə Aşqabad arasında münasibətlər qarşılıqlı etimad və praqmatik əməkdaşlıq əsasında əhəmiyyətli dərəcədə möhkəmlənib”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Patrul.az-a Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri kontekstində iki ölkə arasında münasibətlərin inkişaf dinamikası barədə şərh edərkən deyib.
Deputat, enerji sahəsində əməkdaşlığın genişlənməsinin xüsusi diqqət çəkdiyini vurğulayıb:
““Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma iki ölkənin uzun illər həllini gözləyən məsələləri dialoq yolu ilə aradan qaldıra bildiyini göstərdi. Bu, həm də Xəzər hövzəsində qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin uğurlu nümunəsinə çevrildi. Türkmənistanın zəngin enerji ehtiyatları ilə Azərbaycanın inkişaf etmiş nəqliyyat və ixrac infrastrukturu bir-birini tamamlayan mühüm amillərdir.
Eyni zamanda, nəqliyyat-logistika sahəsində əməkdaşlıq da sürətlə inkişaf edir. Orta Dəhlizin artan əhəmiyyəti fonunda Azərbaycan və Türkmənistan Şərqlə Qərbi birləşdirən ticarət marşrutlarının əsas iştirakçıları kimi çıxış edirlər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı limanı arasında əlaqələrin genişlənməsi regionun tranzit potensialını artırmaqla yanaşı, hər iki ölkənin geoiqtisadi çəkisini də gücləndirir”.

Həmsöhbətimizin fikrincə, bu gün Azərbaycan-Türkmənistan münasibətləri sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır:
“Prezident Sərdar Berdiməhəmmədovun Bakıya səfəri də göstərir ki, tərəflər mövcud potensialı daha dolğun reallaşdırmaq, siyasi dialoqu dərinləşdirmək və iqtisadi tərəfdaşlığı yeni məzmunla zənginləşdirmək niyyətindədirlər. Bu münasibətlər bu gün artıq dostluqdan strateji tərəfdaşlığa doğru inamla irəliləyən, ortaq maraqlara və qarşılıqlı hörmətə söykənən uğurlu əməkdaşlıq modelidir”.
Ləman Sərraf






