media-20a6eeec-0db5-3cdc-a4d6-225bee79c854_850

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə bu ilin sentyabr ayında ölkəmizdə baş tutacaq “Sonsuz Qardaşlıq – IV” adlı çoxmillətli hərbi təlimə hazırlıq çərçivəsində iyunun 10-da yekun planlaşdırma konfransı keçirilib.

Patrulaz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bakıda təşkil olunan görüşdə iştirakçı ölkələrin xüsusi təyinatlıları təlimin icrası, təşkilati məsələlər və qarşılıqlı fəaliyyət prinsiplərini müzakirə ediblər. Tədbir zamanı təlimin operativ mərhələsi üzrə müxtəlif ssenarilər, tapşırıqların yerinə yetirilməsi və koordinasiya mexanizmləri ətraflı nəzərdən keçirilib.

Konfrans çərçivəsində birgə əməliyyatların planlaşdırılması, vahid komanda strukturlarında fəaliyyət və taktikaların uyğunlaşdırılması kimi mühüm məsələlər əsas diqqət mərkəzində olub.

Bundan əlavə, tərəflər arasında hərbi əməkdaşlıq və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi də əsas mövzulardan biri olub.

Qeyd olunur ki, “Sonsuz Qardaşlıq – IV” təliminin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyət bacarıqlarını artırmaqla yanaşı, regional təhlükəsizlik və müdafiə potensialına töhfə verməkdir.


Bənzər xəbərlər