Ali təhsilli şəxslər üçün hərbi xidmət müddəti azaldılır? - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Patrul.az hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
Ali təhsilli şəxslər üçün müddətli hərbi xidmətin 1 il təyin olunduğunu xatırladan həmsöhbətimiz, bunun ali təhsili olmayanlardan 6 ay daha az olduğunu qeyd edib:
“Ali təhsilli şəxslərin, xüsusilə magistr təhsili alanların gələcəkdə xidmət müddətinin azaldılması müzakirə oluna bilər. Lakin indiki vəziyyətdə həm şimal, həm də cənub istiqamətdə müharibə və münaqişələrin davam etdiyi bir dövrdə Azərbaycan ordusunun Silahlı Qüvvələrimizi savadlı və intellektual şəxsi heyət ilə komplektləşdirmədən imtina edə bilmərik. O cümlədən, bu şəxslərin xidmət edə biləcəyi sahələrin sayının artdığı bir vaxtda ordunu ali təhsilli çağırışçılarla komplektləşdirilməsi faizini aşağı sala bilmərik”.

“Təbii ki, ətrafımızdakı təhdid və təhlükələrin miqyası azaldıqdan sonra ali savadlı çağırışçıların xidmət müddətinin azaldılması məsələsi müzakirə oluna bilər. Lakin bildiyim qədərilə, aidiyyəti qurumlarda hələki belə bir məsələ gündəmdə deyil”,– deyə o əlavə edib.
Ləman Sərraf






