Azərbaycan Türkmənistan qazı üçün Avropaya “qapı” rolunu oynayacaq
Türkmənistan Avropa qaz bazarında Rusiyanı əvəz etməyə hazır olduğunu açıqlayıb.
Patrulaz.az xəbər verir ki, Avropa İttifaqı 2027-ci ilin sonunadək Rusiya qazının idxalını tamamilə dayandırmaq niyyətindədir. Bu səbəbdən Brüssel bir neçə potensial alternativ mənbə üzərində işləyir. Bu mənbələr arasında Azərbaycan və Türkmənistan da yer alır.
Məlumata görə, Azərbaycan Türkmənistan qazının Avropaya çatdırılmasında “qapı” rolunu oynamağa hazırdır. Rəsmi Bakı bu istiqamətdə addımlarını Brüssellə uzlaşdırmağa hazır olduğunu bildirib. Bu barədə Avropa mediasına açıqlamalarında Azərbaycanın xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyov və Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat veriblər.
Hazırda Avropanın qaz bazarında yenidən bölgü prosesi gedir. Bu isə bir çox oyunçular üçün sərfəli mövqelər əldə etmək imkanı yaradır.
Bildirilir ki, iyulun 8-də Avropa İttifaqının Ali nümayəndəsi Kaya Kallas ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında baş tutan telefon danışığında Türkmən qazının Avropaya tədarükü məsələsi də müzakirə olunmuş ola bilər.
Gülbəniz Səfərova






