"Azərbaycan universitetləri üçün beynəlxalq təhsil trendlərinin mənimsənilməsi artıq strateji zərurətdir" - Vaqif Fətullayev
Dünyada ali təhsil sürətlə dəyişir və universitetlər artıq yalnız diplom verən müəssisə deyil, eyni zamanda bacarıq, təcrübə və innovasiya mərkəzinə çevrilir. Rəqəmsallaşma, əmək bazarının tələbləri və tələbələrin gözləntiləri ali təhsildə yeni yanaşmaların ortaya çıxmasına səbəb olub. Bu prosesdə bir çox ölkələrdə uğurla tətbiq edilən beynəlxalq təhsil trendləri diqqət çəkir və onların yerli ali təhsil sistemlərinə inteqrasiyası aktual mövzuya çevrilir.
Bu baxımdan, hansı beynəlxalq təhsil trendləri Azərbaycan universitetlərində tətbiq oluna bilər?
Bu barədə təhsil mütəxəssisi Vaqif Fətullayev Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycan universitetlərinin inkişafı üçün tələbə mərkəzli, çevik, texnologiya əsaslı və əmək bazarına bağlı beynəlxalq təhsil trendlərinin tətbiqi vacibdir:
“Azərbaycan universitetlərinin gələcək inkişafı üçün beynəlxalq təhsil trendlərinin sistemli şəkildə mənimsənilməsi artıq strateji zərurətdir. Müasir ali təhsil modeli tələbə mərkəzli, çevik, müasir texnologiua əsaslı və əmək bazarına sıx bağlı olmalıdır. Bu kontekstdə, ilk növbədə, fərdiləşdirilmiş təhsil yanaşmasının tətbiqi aktuallaşır. Hər bir tələbənin öyrənmə tempi, maraq dairəsi və əvvəlki bilik səviyyəsi fərqlidir. Adaptiv öyrənmə platformaları, diaqnostik testlər və öyrənmə-öyrətmə prosesinin analitikası vasitəsilə tələbələrin fərdi ehtiyaclarını müəyyənləşdirib onlara uyğun təhsil trayektoriyası qurmaq mümkündür. Bu, həm uğur göstəricilərini artırır, həm də tələbədə təhsilə qarşı daxili motivasiyanı gücləndirir. Beynəlxalq təcrübə göstərir ki, sadəcə ənənəvi auditoriya modelini saxlamaq artıq effektiv deyil. Hibrid və onlayn təhsil modelləri Azərbaycan universitetlərində daha sistemli şəkildə tətbiq oluna bilər. Bu, yalnız pandemiya dövrünün məcburi həlli kimi deyil, təhsilin əlçatanlığını və çevikliyini artıran uzunmüddətli strategiya kimi düşünülməlidir. Onlayn platformaların (LMS sistemləri, video dərslər, interaktiv forumlar) dərslərə inteqrasiyası, eyni zamanda Coursera, edX, FutureLearn kimi MOOC kurslarının proqramlara seçmə fənn və ya modul kimi daxil edilməsi tələbələrə beynəlxalq məzmunu yerli proqramlar çərçivəsində mənimsəmək imkanı verə bilər. Beynəlxalq trendlərdən biri də qlobal akademik mobillik və beynəlxalq əməkdaşlıqların gücləndirilməsidir. Tələbə və müəllim mübadilə proqramları, birgə və ya ikili diplom proqramları, kredit transfer sistemlərinin çevik tətbiqi Azərbaycan universitetlərini regional və beynəlxalq elm və təhsil məkanına daha sıx bağlaya bilər. Bu, həm də universitetlərin reytinqlərdə mövqeyinə, məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətinə müsbət təsir göstərir. Burada əsas məsələ formal müqavilələrdən kənara çıxaraq real akademik və tədqiqat əməkdaşlıqlarını, ortaq layihələri və professor-müəllim heyətinin mübadiləsini stimullaşdırmaqdır. Müasir ali təhsilin əsas istiqamətlərindən biri də kompetensiyaya əsaslanan tədris modelidir. Sadəcə bilik ötürməklə kifayətlənən sistem günümüzün tələblərinə cavab vermir. Universitetlər üçün kurikulumlar elə dizayn olunmalıdır ki, məzun yalnız nəzəri bilik deyil, konkret bacarıqlar – kritik düşünmə, problem həlli, komanda işi, layihə idarəetməsi, ünsiyyət, rəqəmsal savadlılıq bacarıqlarını özündə formalaşdırsın. Bunun üçün dərslərdə layihə əsaslı öyrənmə, case-study, simulyasiya, real həyatla bağlı tapşırıqlar kimi metodların payı artırılmalıdır. Yəni fokus “nə bilir?” sualından çox “nə edə bilir?” sualına keçməlidir”.

V. Fətullayev vurğulayıb ki, Azərbaycan universitetləri tədqiqat və innovasiya fəaliyyətini, beynəlxalq dillərin tədrisini, multikultural bacarıqları və yaşam boyu öyrənmə prinsiplərini gücləndirərək həm akademik mühit, həm də cəmiyyət üçün dəyər yaradan mərkəzlərə çevrilməlidir:
“Tədqiqat və innovasiya mədəniyyətinin gücləndirilməsi də beynəlxalq tendensiyanın vacib hissəsidir. Universitet yalnız bilik ötürən deyil, bilik yaradan məkana çevrilməlidir. İnnovasiya mərkəzləri, startap inkubatorları, elmi tədqiqat laboratoriyaları, tələbə tədqiqat qrantları kimi mexanizmlər həm tələbə, həm də gənc mütəxəssisləri tədqiqata cəlb edə bilər. Bu zaman elmi nəticələrin kağız üzərində qalması yox, iqtisadiyyat və cəmiyyət üçün real dəyərə çevrilməsi, yəni kommersiyalaşma, məhsul və xidmətlərə transferi prioritet olmalıdır.Digər mühüm istiqamət beynəlxalq dillər və multikultural bacarıqlardır. Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan universitetlərində ingilis dili tədrisi çox vaxt formal xarakter daşıyır, lakin beynəlxalq trendə uyğun olaraq dil bilikləri akademik və peşəkar kontekstə daha sıx bağlanmalıdır. Akademik yazı, təqdimat, dil, peşəkar ünsiyyət, beynəlxalq layihələrdə iştirak kimi hədəflər ön plana çəkilməlidir. Paralel olaraq, multikultural mühitdə işləmək bacarığı, tolerantlıq, müxtəlif komandalarla əməkdaşlıq vərdişi formalaşdırılmalıdır. Beynəlxalq təhsil sistemləri “yaşam boyu öyrənmə” (lifelong learning) konsepsiyasına xüsusi önəm verir. Universitetlər öz fəaliyyətini yalnız bakalavr, magistr, doktorantura proqramları ilə məhdudlaşdırmamalıdır. Qısa müddətli sertifikat proqramları, peşəkar inkişaf kursları, mikrosəlahiyyət (micro-credential) və rəqəmsal nişanlar (digital badges) vasitəsilə həm məzunlara, həm də əmək bazarında olan mütəxəssislərə davamlı öyrənmə imkanları təqdim etmək mümkündür. Bu cür addımlar universitetin cəmiyyətlə əlaqəsini gücləndirir və onu “bir dəfə qəbul olub məzun olunan yer” deyil, ömür boyu müraciət edilən təhsil mərkəzinə çevirir”.
Ekspertin sözlərinə görə, Azərbaycan universitetləri süni intellekt, data analitikası, karyera xidmətləri və rəqəmsal portfellər kimi beynəlxalq trendləri tətbiq edərək tələbə mərkəzli, əmək bazarına bağlı və səriştə yönümlü təhsil modelinə keçməlidir:
“Bundan başqa, süni intellekt və data analitikası təhsildə ən sürətlə yayılan trendlərdəndir. Tələbə məlumatlarının analizi əsasında risk qrupunda olan tələbələri vaxtında müəyyənləşdirmək, fərdiləşdirilmiş konsultasiyalar vermək, tədris yükünü optimallaşdırmaq, qiymətləndirməni obyektivləşdirmək kimi imkanlar artıq realdır. Eyni zamanda, Noutbook LM, DeepSeek, Gemini, ChatGPT kimi modellərdən akademik yazı, tədqiqat planlaşdırılması, resurs axtarışı, simulyasiya və s. məqsədlər üçün etik çərçivə daxilində istifadə beynəlxalq müzakirələrin əsas mövzularındandır. Azərbaycan universitetləri bu trendləri görməzdən gəlmək əvəzinə onları düzgün qaydalarla sistemə inteqrasiya etməlidir.Karyera xidmətləri və universitet–sənaye əməkdaşlığı da beynəlxalq ali təhsil sistemlərinin ayrılmaz komponentinə çevrilib. Universitet daxilində güclü karyera mərkəzləri, mentorluq proqramları, işəgötürənlərlə birgə layihələr, təcrübə (internship) və kooperativ təhsil (co-op) modelləri tələbənin auditoriyadan əmək bazarına keçidini asanlaşdırır. Sənaye tərəfdaşları ilə birlikdə hazırlanmış fənn proqramları və real şirkət caseləri tələbənin öyrəndiyi nəzəriyyəni praktik kontekstdə sınaqdan keçirməsinə şərait yaradır. Bu şəkildə əməkdaşlıq həm də universitetlərin öz kurikulumlarını əmək bazarının dəyişən tələblərinə uyğun olaraq çevik şəkildə yeniləməsinə imkan verir.Nəhayət, rəqəmsal portfellər və mikro-kredit sistemləri məzunun bacarıqlarının daha şəffaf və obyektiv şəkildə təqdim olunmasını təmin edir. Tələbə yalnız diplomla deyil, gördüyü layihələr, tədqiqatlar, stajlar, sertifikatlar və konkret məhsullarla (məqalə, video, prototip, proqram, dərs resursu və s.) rəqəmsal portfel formalaşdıraraq əmək bazarına çıxır. Bu, işəgötürənə məzunun real kompetensiyalarını daha dəqiq görməyə imkan verir. Azərbaycan universitetləri beynəlxalq təcrübəni nəzərə alaraq bu mexanizmləri milli təhsil sisteminə uyğunlaşdırılmış formada tətbiq edə bilərlər. Düşünürəm ki, beynəlxalq təhsil trendlərinin Azərbaycan universitetlərinə inteqrasiyası sadəcə formal “modernləşmə” deyil, ali təhsilin fəlsəfəsini yenidən düşünmək deməkdir. Tələbə mərkəzli, müasir texnologiya dəstəkli, səriştə əsaslı və əmək bazarı ilə sıx bağlı bir modelə keçid ölkəmizi insan kapitalının keyfiyyətinə bilavasitə təsir göstərə biləcək strateji addımlardan biridir”.
Cəmilə Cəfərzadə






