“Azərbaycan və Çin hər zaman bir-birinin yanındadır” - DEPUTAT
“Azərbaycan Cənubi Qafqazda Çinin mühüm tərəfdaşıdır. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Bütün beynəlxalq platformalarda qarşılıqlı dəstək ifadə olunub. Məlum olduğu kimi, iki ölkə arasında diplomatik münasibətlər 33 ildir qurulub. Bu vaxta qədər Bakı və Pekin hər zaman suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində ortaq mövqe sərgiləyib”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva səsləndirib.

Onun sözlərinə görə, Ermənistanın işğalı dövründə də Çin bütün platformalarda Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bəyan edib:
“İki ölkə arasında qarşılıqlı etimad mövcuddur, mühüm məsələlərdə Azərbaycan və Çin hər zaman bir-birinin yanındadır. Eyni zamanda Pekin Azərbaycanın da “Vahid Çin” məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Sonuncu Birgə Bəyanatda da bu məsələ əksini tapıb. Dövlət başçımız eyni zamanda Çin televiziyasına müsahibəsində də bəyan edib ki, “ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik”.
Həmçinin rəsmi Pekin postmünaqişə dövründə Azərbaycanın müəllifi olduğu və irəli sürdüyü sülh gündəliyini dəsətəkləyir. Bu isə o deməkdir ki, postmünaqişə dövründə də Çin ədalətin, sülhün yanındadır”.
Ləman Sərraf






