media-inshot_20260128_144946836

Prezident İlham Əliyev Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdıqdan sonra hər iki ölkə arasında iqtisadi əlaqələr yaranıb.

İndi isə Ermənistan enerji resurslarının – (mayeləşdirilmiş təbii qaz və bitumun) Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə daşınmasını həyata keçirmək istəyir. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Patrul.az-a bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşüb.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar və sülh müqaviləsi mətninin paraflanması Cənubi Qafqazda davamlı sülhə, regional sabitliyə və ortaq rifaha yol açan mühüm tarixi mərhələdir:

“İkinci Dünya Müharibəsindən sonra Avropa İttifaqı o amalla yarandı ki, ölkələr bir-biri ilə iqtisadi əlaqələr qursalar, ticarətə köklənsələr, bu, bir o qədər ziddiyyətləri azaldacaq. Qarşılıqlı faydalı iqtisadi əlaqələr tarixdə hər zaman sülhə, sabitliyə təkan verən uğurlu metod hesab olunmuşdur.

Azərbaycan və Ermənistan etimad quruculuğunda qarşılıqlı iqtisadi əlaqələrin yaradılmasını hədəfləyir. Azərbaycan Ermənistana gedən kommersiya yüklərinin tranzitinə imkan yaradıb və bu, Qazaxıstan və Rusiya buğdası kimi yüklərin Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına şərait yaradıb. Ermənistan isə öz növbəsində Türkiyə malları üçün Azərbaycana tranziti açıb. Tərəflər arasında ticarət də başlayıb, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixracı həyata keçirilir. İndi isə təbii qaz üzrə ticarət aparılacaqdır”.

Millət vəkilinin fikrincə əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın əvvəl mövcud olmuş iqtisadi münasibətləri bərpa etmir:

“İki ölkə müstəqillik dövründə heç vaxt birbaşa ikitərəfli ticarət aparmayıb; hazırda baş verən proses sıfırdan tamamilə yeni iqtisadi münasibətlərin formalaşmasıdır.

Sülhün ən strateji elementi isə TRIPP marşrutudur. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə iştirak edən bütün tranzit ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq.

Layihə Ələt Azad İqtisadi Zonasından başlayan Türkiyəyə uzanan dəmir yolu və avtomobil yolundan ibarətdir. Horadiz-Ağbənd dəmiryolu 110.4km, Naxçıvan ərazisində dəmir yolu 188 km, Ermənistandan keçən hissə isə 43km-dir. Məhz, bu hissə TRİPP adlanır. Sədərəkdən sonra marşrut layihəsinin Dilucu-Qars hissəsi 244 km təşkil edir. Regional və qlobal inteqrasiya üçün bu yolun Türkiyə ilə birləşdirilməsi çox əhəmiyyətlidir. Naxçıvandan Qars və İğdır istiqamətində enerji üzrə əməkdaşlıq mövcuddur. Bu həm də, Türk dünyasının gücləndirilməsi baxımından rəmzi xarakter daşıyır. Mərkəzi Asiyadan Azərbaycana və Türkiyəyə uzanan bu yol Türk Dünyasının birlik vizyonuna çevriləcək”.

P.Vəliyeva qeyd edib ki, bu dəmiryolunun işə düşməsi ilə ilk birbaşa Azərbaycanla Türkiyəni birləşdirən dəmiryolu olacaq:

“Hazırkı bütün daşımalar Gürcüstan vasitəsilə aparılır, bu isə əlavə xərclər yaradır və daha uzun yoldur. Zəngəzur dəhlizi isə Orta Dəhlizi həm qısaldacaq, həm də daha sürətli, təhlükəsiz, alternativ yol olacaq. Bu, Şərq-Qərb marşrutunu inkişaf etdirəcək”.media-img-20260128-wa0049

Həmsöhbətimiz Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda “Euronews” kanalına müsahibəsi zamanı bağlantılar barədə sözlərini də xatırladıb: 

““Bu gün Azərbaycanın ərazisini keçmədən tranzit, sanksiya altında olan ərazidən keçmək deməkdir. İki digər variant mövcuddur, lakin hər ikisi sanksiya altında olan Azərbaycanın şimalı və cənubdan keçir ki, bu da yükgöndərənlər və əsasən yükləri alanlar üçün rahat olmaya bilər. Beləliklə, Azərbaycan yeganə təhlükəsiz, etibarlı və dostca istiqamətdir”. Prezident bunu aydın şəkildə izah etmişdi. Şərq-Qərb marşrutu üzrə Azərbaycan ən təhlükəsiz tranzitdir. Bu gün dünyada baş verən geosiyasi tektonik dəyişikliklər investorların sabitlik mövcud olan ölkələrə marağını artırır. Belə ölkələr investisiya baxımından risksiz hesab olunur. Davos Forumunda cənab Prezident İlham Əliyevlə xarici şirkətlər, banklar və investisiya təşkilatlarının görüşlərə xüsusi maraq göstərməsi də bunun əyani sübutudur. Görünən odur ki, Zəngəzur dəhlizinə investisiya marağı olduqca yüksəkdir”.

Deputat bu yaxınlarda ABŞ və Ermənistan arasında imzalanmış TRIPP İcra Çərçivəsinin (TIF) Azərbaycan və Ermənistan arasında sülhün institusionallaşdırılması istiqamətində daha bir əməli addım olduğunu ifadə edib:

“Çərçivə sənədi bağlantını sadəcə infrastruktur layihəsi kimi deyil, regional sülhün, sabitliyin və iqtisadi inteqrasiyanın təşviqi üçün alət kimi təqdim edir.

Beləliklə, Ələtdən başlayıb Qarsda bitəcək mükəmməl bir quru yolu olacaqdır ki, bu da Orta Dəhlizin imkanlarını genişləndirməyə xidmət edir. Dəhlizlə inteqrasiya olunmuş Ələt Azad İqtisadi Zonası investorlar üçün vergi və gömrük azadolmaları kimi xüsusi hüquqi rejim təklif edərək ixrac yönümlü istehsalı stimullaşdırır. Daha sürətli və daha qısa yolla həm yüklər, həm sərnişin daşına biləcək. Hazırda Orta Dəhlizlə yük daşımaları 15 milyon ton təşkil edir, ancaq bunun infrastuktura sərmayə qoyulması ilə, Zəngəzurun açılması ilə həcminin 2040-cı ilədək artırılması gözlənilir. Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirən Orta Dəhliz üçün strateji alternativ təşkil edərək, Avrasiya regionunda yüklərin daha sürətli və səmərəli daşınmasını təmin edəcək.

Bu nəhəng bağlantı layihəsi dövlətlər arasında qarşılıqlı etimadı və iqtisadi əlaqələri artıraraq, bütün regionun rifahını artıracaq”.

Ləman Sərraf


Bənzər xəbərlər