media-inshot_20260408_211652640

“Azərbaycan və Litva arasında münasibətlər yüksək səviyyəli dostluq, strateji tərəfdaşlıq və möhkəm tarixi əlaqələrə əsaslanır. Müstəqilliyin qarşılıqlı tanınmasından başlayan əlaqələr parlamentlərarası dostluq qrupları, güclü iqtisadi-siyasi əməkdaşlıq və aktiv mədəni mübadilə ilə inkişaf edir. Bu münasibətlər, həmçinin, Aİ çərçivəsində və regional təhlükəsizlik məsələlərində yaxın əməkdaşlıqla xarakterizə olunur”.

Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Patrul.az-a iki ölkə arasında münasibətlərin inkişaf dinamikası barədə şərh edərkən səsləndirib.

O qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynayan ölkələrdən birinə çevrilmişdir:

“Xüsusilə təbii qazın Avropa bazarlarına nəqli istiqamətində həyata keçirilən layihələr bu rolu daha da gücləndirir. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir və Avropanın enerji təminatının şaxələndirilməsinə əhəmiyyətli töhfə verir.

Bununla yanaşı, əməkdaşlıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycan və Litva arasında bərpaolunan enerji istiqamətində paralel şəkildə aparılan işlər gələcəyə yönəlmiş strateji yanaşmanın göstəricisidir. Hər iki ölkədə yaşıl enerji layihələrinə artan diqqət dayanıqlı inkişaf məqsədlərinə xidmət edir və uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar yaradır. Dünyada baş verən hazırki enerji böhranı, enerji bazarlarında qeyri-müəyyənlik alternativ və bərpa olunan enerjiyə inteqrasiyanın nə qədər vacib olduğunu bir daha göstərdi. Azərbaycan bu baxımdan əlverişli ehtiyatlara malikdir. Azərbaycan bərpaolunan enerji mənbələrinə – Günəş, külək və hidroenerjiyə investisiyalar cəlb edir. Bu sahədə texniki potensialımız quruda 135 giqavat, dənizdə isə 157 giqavat bərpaolunan enerji resurslarını əhatə edir, iqtisadi potensialımız isə təxminən 27 giqavatdır – bu da düzgün siyasət və investisiya dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatların innovasiyada lider ola biləcəyini sübut edir”.

media-inshot_20260410_113817888

P.Vəliyeva eyni zamanda, Azərbaycanın coğrafi mövqeyinin onu Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirdiyini də vurğulayıb:

“Qitələri birləşdirən bu regionda daha səmərəli nəqliyyat-kommunikasiya imkanlarının yaradılması üçün ölkənin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artması və mövcud müasir infrastrukturun bu artımı dəstəkləməsi ölkəmizin bu sahədəki potensialını aydın şəkildə nümayiş etdirir.

Xəzər dənizi vasitəsilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutlarının mövcudluğu isə Litva və digər region ölkələri ilə əməkdaşlıq üçün yeni perspektivlər açılır. Bu marşrutların birgə səylərlə daha da inkişaf etdirilməsi həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də regionlararası inteqrasiyanın güclənməsinə xidmət edə bilər”.

“Beləliklə, Azərbaycan həm enerji, həm də nəqliyyat sahəsində strateji mövqeyini gücləndirərək, beynəlxalq əməkdaşlıqda etibarlı və perspektivli tərəfdaş kimi çıxış edir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər