Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və çoxtərəfli münasibətlər gündəliyində duran məsələlər müzakirə olunub
Fevralın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Patrulaz.az-a bildirilib ki, XİN başçıları arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və çoxtərəfli münasibətlər gündəliyində duran, habelə qarşılıqlı maraq doğuran digər məsələlər, həmçinin regional, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Yaxın Şərqdə vəziyyət müzakirə olunub.
Tərəflər ölkə rəhbərləri arasında qarşılıqlı hörmət və təmasların münasibətlərə xüsusi təkan verdiyini vurğulayıblar. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mədəni yaxınlığın, tarixi dostluq münasibətlərinin, qarşılıqlı hörmət, dəstək və anlaşmanın əməkdaşlığın inkişafına təkan verdiyini, belə səfər və təmasların mövcud əməkdaşlığın daha da gücləndirilməsi imkanlarının müzakirəsi baxımından faydalı olduğunu diqqətə çatdırıb.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, energetika, humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın fəaliyyətinə toxunulub, sözügedən Komissiyanın müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib platforma olduğu qeyd edilib.
Görüşdə nazirlər alternativ enerji istehsalı sahəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Bununla yanaşı, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Ölkəmizin COP29-a sədrliyinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib, bu xüsusda yaşıl enerji, ətraf mühitin qorunması sahələri üzrə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb. Minasızlaşdırma fəaliyyətində Səudiyyə Ərəbistanının verdiyi dəstəyə görə təşəkkür edilib.
Söhbət zamanı Qəzza ətrafında vəziyyət barədə də fikir mübadiləsi aparılıb, Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər nəzərdən keçirilib.