media-dzlgh44lv0ulmcoh

ABŞ-nin mühəndislik və konsaltinq sahəsində qlobal liderlərindən olan AECOM şirkətinin mütəxəssis qrupu Ermənistanda TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin reallaşdırılacağı ərazidə sahə tədqiqatlarına və sənədləşdirmə mərhələsinə başlayıb.

Patrul.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, amerikalı mühəndislər və Ermənistan hökumətinin nümayəndələri regional inteqrasiyanı və iqtisadi artımı dəstəkləyəcək dəmir yolu, eləcə də digər kritik infrastruktur obyektlərinin tikintisi üçün nəzərdə tutulan marşrut xəttini yerində araşdırıblar.

Xatırladaq ki, bu strateji layihənin təməli 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qoyulub. Belə ki, layihə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış tarihi üçtərəfli sülh bəyannaməsi çərçivəsində fəaliyyətə başlayıb.

Nəzərdə tutulan nəqliyyat və kommunikasiya koridoru Ermənistanın cənubundan – Meğri rayonundan və Araz çayı boyu keçən 42-43 kilometrlik zolağı əhatə edir.

Layihə çərçivəsində ərazidə müasir standartlara cavab verən dəmir yolları, magistral avtomobil yolları, yüksəksürətli fiber-optik rabitə xətləri, eləcə də gələcəkdə karbohidrogen resurslarının ixracını təmin edəcək neft və qaz boru kəmərlərinin tikintisi planlaşdırılır.

TRIPP layihəsi regional status-kvonu tamamilə dəyişərək Azərbaycanın əsas hissəsini onun eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşdirəcək. Yeni dəhliz Azərbaycanda tikintisi sürətlə davam edən Horadiz–Ağbənd dəmir yolu xəttinə tam inteqrasiya olunacaq. Bu isə daşınan yüklərin Rusiya və ya İran ərazisinə daxil olmadan, Mərkəzi Asiyadan birbaşa Avropaya və Türkiyəyə çatdırılmasına şərait yaradacaq.

Layihənin idarə edilməsi üçün xüsusi olaraq TRIPP Development Company (TDC) adlı birgə müəssisə təsis edilib. Müqavilə şərtlərinə əsasən, müştərək şirkətin səhmlərinin 74%-i ABŞ konsorsiumuna, 26%-i isə Ermənistan hökumətinə məxsusdur. ABŞ bu koridorun inkişafı və logistik idarəetməsi üçün 49 illik mandat əldə etsə də, marşrutun keçdiyi torpaqlar tamamilə Ermənistanın hüquqi suverenliyi və inzibati yurisdiksiyasında qalır.

Həm Azərbaycan, Həm ABŞ, həm də Ermənistanın məqsədi TRIPP çərçivəsində dəmir yolu əlaqəsinin 2028-ci ilə qədər tam gücü ilə istifadəyə verilməsidir.


Bənzər xəbərlər