Bakıda keçmiş arvadı ilə birlikdə özünü də güllələyən şəxsin son vəziyyəti məlum olub - AÇIQLAMA
Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş arvadı, 44 yaşlı Amaliya Qəhrəmanovanı güllələyərək öldürməkdə və daha sonra özünə atəş açmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Zaur Qəhrəmanovun hazırkı durumu məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Patrul.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan Z.Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Məlumata görə, “gözün dağılmış yarası” və “kəllədaxili travma” diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, hadisə sözügedən küçədə yerləşən aptekin qarşısında qeydə alınıb. Orada əczaçı işləyən A.Qəhrəmanovanı qətlə yetirmək məqsədilə gələn keçmiş həyat yoldaşı onu küçədə yaxalayaraq ov tüfəngindən atəş açıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, Z.Qəhrəmanov isə eyni silahla özünə qəsd etməyə cəhd göstərib. Məlumata görə, tərəflər bir neçə ay əvvəl rəsmi şəkildə boşanıblarmış.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Gülbəniz Səfərova






