media-img-20260709-wa0101

İctimai nəqliyyatda, iş yerində, küçədə, hətta dostlarla birlikdə olarkən belə qulaqcıqdan istifadə edən insanların sayı getdikcə artır. Bəziləri günün böyük hissəsini qulaqcıqla keçirir və musiqi dinləməyi adi vərdiş kimi qiymətləndirir. Lakin bu davranış yalnız musiqi zövqü ilə bağlıdır, yoxsa insanın ətraf mühitdən və sosial ünsiyyətdən uzaqlaşmaq istəyini əks etdirən psixoloji ehtiyacın göstəricisi də ola bilər? Bu vəziyyətin arxasında hansı psixoloji səbəblər dayanır?

Bununla bağlı ailə və yeniyetmə psixoloqu Fəridə Şərifova Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə,qulaqcıq bəzən insanın emosional yorğunluğunu azaltmaq və qısa müddətlik dincəlmək vasitəsi olur:

“Biz elə bir dövrdə yaşayırıq ki, gün ərzində beynimiz fasiləsiz məlumat qəbul edir. İş, yol, telefon zəngləri, sosial şəbəkələr, insanların gözləntiləri… Bütün bunlar insanı emosional olaraq yorur. Belə anlarda qulaqcıq insanın özünə çəkilməsinə, nəfəs dərməsinə kömək edir.Bəzən düşünürük ki, qulaqcıq taxan insan sadəcə musiqi dinləyir. Amma psixoloji baxımdan bunun arxasında müxtəlif səbəblər ola bilər”.

media-img-20260709-wa0088

F.Şərifova qeyd edir ki, bir çox insan üçün qulaqcıq stressi azaltmağa, səs-küydən uzaqlaşmağa və qısa müddətlik özünə şəxsi məkan yaratmağa kömək edən normal bir vasitədir:

“Bir çox insan üçün qulaqcıq sadəcə musiqi aləti deyil, sanki kiçik bir “şəxsi məkan”dır. Gün ərzində iş, səs-küy, insanların gözləntiləri və davamlı ünsiyyət insanı yorur. Qulaqcıq isə ona bir müddət xarici dünyadan uzaqlaşıb özünü toplamaq imkanı verir.
Bu, hər zaman problem demək deyil. Əksinə, bəzən insanın özünü qoruma üsuludur. Musiqi stressi azaldır, narahatlığı yüngülləşdirir, əhvalı tənzimləyir. Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar üçün bu, olduqca normal davranışdır”.

Psixoloq vurğulayır ki,əsas məsələ qulaqcıq deyil, ondan hansı məqsədlə istifadə edilməsidir:

“Amma əgər insan daim qulaqcığın arxasında gizlənir, ailə üzvləri ilə, dostları ilə ünsiyyətdən qaçır, insanlarla təmas qurmaq istəmir və bunu uzun müddət davam etdirirsə, artıq bunun arxasında emosional yorğunluq, narahatlıq, sosial çəkinmə və ya daxili gərginlik kimi psixoloji səbəblər ola bilər.
Yəni burada əsas məsələ qulaqcığın özü deyil. Əsas sual budur: insan qulaqcıqdan zövq almaq üçün istifadə edir, yoxsa həyatdan və insanlardan uzaqlaşmaq üçün? Bu fərqi anlamaq olar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər