Xameneinin dəfn mərasimində Tramp təsvirli LEGO fiquru yandırıldı - VİDEO
İranda ABŞ Prezidenti Donald Trampı təsvir edən LEGO fiquru yandırılıb
Patrul.az xəbər verir ki, hadisə iyulun 9-da İranın Məşhəd şəhərində, Ayətullah Əli Xameneinin dəfn mərasimi çərçivəsində İmam Rza hərəmi yaxınlığında keçirilən izdihamlı yürüş zamanı baş verib.
Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Mərasim zamanı təkcə LEGO fiquru yandırılmayıb. Tehranda keçirilən vida tədbirlərində üzərində ingilis dilində “Blood will be spilled” (“Qan töküləcək”) və “Kill Trump” (“Trampı öldürün”) şüarları yazılmış, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahunun hədəf nişangahında təsvir olunduğu iri plakatlar da nümayiş etdirilib.
Donald Tramp isə Cənubi Dakotada Müstəqillik Günü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı İrandakı dəfn mərasimlərinə münasibət bildirib. O, milyonlarla insanın Xamenei üçün matəm saxlamasına təəccübləndiyini ifadə edərək, “Mən insanların ondan nifrət etdiyini düşünürdüm” deyib.
Xatırladaq ki, Ayətullah Əli Xamenei 28 fevral 2026-cı ildə Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həlak olub. Sonradan ABŞ və İran arasında baş verən hərbi qarşıdurma səbəbindən təhlükəsizlik tədbirləri dəfn mərasiminin təxirə salınmasına yol açıb.
2026-cı il İyulun 4-5-də Tehranda vida mərasimləri keçirilib, iyulun 7-də isə cənazə Qum şəhərinə aparılıb. İyulun 9-da Məşhəddə keçirilən son yürüşdən sonra Əli Xamenei İmam Rza hərəmində, sabiq prezident İbrahim Rəisinin məzarı yanında dəfn edilib.
Gülbəniz Səfərova






