Qeyri-neft sektoru iqtisadiyyatın əsas dayağına çevrilə bilərmi? - AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahidə olunsa da, bu inkişafın ölkə iqtisadiyyatını neftdən tam asılılıqdan qurtarmağa kifayət edib-etmədiyi müzakirə mövzusudur.
Bəs mövcud şəraitdə qeyri-neft sektoru iqtisadiyyatın əsas dayağına çevrilə bilərmi?
Mövzu ilə bağlı danışan Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Patrul.az-a fikirlərini bildirib.
Onun sözlərinə görə, son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, əsas sual bu sahələrin nə dərəcədə real iqtisadi alternativə çevrilə bilməsidir:
“Mövcud vəziyyəti qiymətləndirərkən təkcə artım templərinə deyil, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklərə də baxmaq lazımdır. Qeyri-neft sektorunun inkişafını yalnız illik artım faizləri ilə qiymətləndirmək düzgün deyil. Əsas məsələ onun iqtisadiyyatda real çəkisinin necə dəyişməsidir. Son illərdə qeyri-neft ÜDM-i orta hesabla 4-7% intervalında artıb, qeyri-neft ixracında da artım müşahidə olunur. Turizm sektoru pandemiyadan sonra bərpa olunub, sənaye parklarında istehsal genişlənib, informasiya texnologiyaları və logistika sahələrində də müsbət dinamika formalaşıb. Bunlar əlbəttə ki, müsbət göstəricilərdir. Lakin iqtisadiyyatın real transformasiyasını göstərən əsas indikatorlar fərqlidir. Buraya qeyri-neft ixracının ümumi ixracdakı payı, dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisi, özəl sektorun ÜDM-də payı, yüksək texnologiyalı məhsul və xidmət ixracı, qeyri-neft sektoruna yönələn xarici investisiyalar və əmək məhsuldarlığı daxildir. Məhz bu göstəricilər üzrə hələ də neft-qaz sektorunun üstünlüyü açıq şəkildə qalmaqdadır”.

Müsahibimiz hesab edir ki, növbəti mərhələdə əsas diqqət yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməlidir:
“İnformasiya texnologiyaları, süni intellekt, maliyyə texnologiyaları, rəqəmsal xidmətlər, emal sənayesi, aqrobiznes, logistika və yaşıl enerji kimi istiqamətlər həm ixrac potensialını artıracaq, həm də ölkəyə daha dayanıqlı valyuta axını formalaşdıracaq. Bununla yanaşı, özəl investisiyaların təşviqi, kiçik və orta biznesin maliyyəyə çıxışının genişləndirilməsi və innovasiya ekosisteminin gücləndirilməsi də həlledici rol oynayacaq”.
İqtisadçı, real nəticələri qısa müddətdə gözləməyin düzgün olmadığını qeyd edib:
“Əgər bu istiqamətdə ardıcıl iqtisadi islahatlar davam etdirilərsə və investisiyalar xüsusilə yüksək texnologiyalı sahələrə yönəldilərsə, ilk nəzərəçarpacaq struktur dəyişikliklərini 5-7 il ərzində, qeyri-neft sektorunun iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilməsini isə 10-15 illik perspektivdə görmək mümkündür. Bu müddətdə qeyri-neft ixracının və büdcə gəlirlərinin payının əhəmiyyətli dərəcədə artması, iqtisadiyyatın isə neft qiymətlərindən daha az asılı olması real və gözlənilən nəticə hesab edilə bilər. Bu, həm beynəlxalq təcrübəyə, həm də iqtisadi transformasiya proseslərinin təbii inkişaf mərhələlərinə uyğun proqnozdur”.
Ləman Sərraf






