Fransanın Mərakeş üzərində qələbəsindən sonra Londonda aləm bir-birinə dəydi - VİDEO
2026-cı il dünya çempionatının 1/4 finalında Fransaya məğlub olan Mərakeşin turnirdən kənarlaşdırılmasından sonra Londonda iğtişaşlar yaşanıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaş Londonun şimal-qərbində yerləşən və ərəb icmasının sıx yaşadığı məşhur Edgware Road küçəsində daha da pik həddə çatıb.
Yüzlərlə mərakeşli azarkeş küçələri bağlayaraq hərəkəti iflic edib, polis əməkdaşlarına qarşı şüşə butulkalar, daşlar, pirotexniki vasitələr və tüstü bombaları atıblar.
Bildirilib ki, toqquşmalar zamanı bir polis zabiti başına dəyən şüşə butulka nəticəsində ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı isə asayişi pozan ən azı 4 nəfər həbs edilib.
Məlumata görə, iğtişaşlar yalnız Londonda deyil, Niderlandın Haaqa, Amsterdam və Rotterdam şəhərlərində, həmçinin Belçikanın paytaxtı Brüssel küçələrində də qeydə alınıb. Orada da azarkeşlər atəşfəşanlıq edərək polislə toqquşublar. Fransanın paytaxtı Parisdə isə genişmiqyaslı iğtişaşların qarşısını almaq üçün 20 000 polis səfərbər edilsə də, şəhərdə hər iki komandanın azarkeşləri qələbəni dinc şəkildə qeyd ediblər.
Xatırladaq ki, Fransa millisi 2026-cı il dünya çempionatının 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə məğlub edərək ilk yarımfinalçı olub. Massaçusets ştatının Foksboro şəhərindəki Boston stadionunda keçirilən matçda qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurub. Didye Deşamın rəhbərlik etdiyi Fransa yığması bu qələbə ilə ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlib.
Qeyd edək ki, Fransa yarımfinalda iyulun 14-də İspaniya – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.






