media-inshot_20260709_195426964

Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb.

Belə ki, hər hansı şəxs evinin qarşısında quraşdırdığı müşahidə kamerası ilə qonşusunun şəxsi həyatına qanunsuz müdaxilə edərsə, həmin əməl qanun pozuntusu kimi qiymətləndirilə bilər.

Həmçinin bu da qeyd olunub ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə kamerası quraşdıra bilər. Lakin bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Bəs hansı hallarda həmin kameranı quraşdıran şəxsi hüquqi məsuliyyət gözləyir? Ona qarşı inzibati və ya cinayət məsuliyyəti tətbiq oluna bilərmi? Bu halda qanunvericiliyə əsasən hansı cərimələr nəzərdə tutulur?

Bununla bağlı hüquqşünas Turan Abdullazadə Patrul.az-a açıqlamasında bildirib ki, bu kimi hallarda qarşı tərəf kameranı quraşdıran şəxslə bağlı “şəxsi həyata müdaxilə” əsası ilə məhkəməyə müraciət edərsə və məhkəmə bu iddianı əsaslı hesab edərsə, həmin müşahidə kameralarının quraşdırılması qanunsuz sayılır:

“Yaşayış binalarında və mənzillərin giriş hissəsində müşahidə kameralarının qanunsuz quraşdırılmasına görə birbaşa inzibati və ya cinayət məsuliyyəti, yaxud konkret cərimə nəzərdə tutan ayrıca norma mövcud deyil. Hazırkı qanunvericilikdə torpaq, əmək, dövlət rüsumları və digər sahələr üzrə inzibati və cinayət məsuliyyəti, cərimələrin tətbiqi və icrası qaydaları əks olunsa da, müşahidə kameralarının qanunsuz quraşdırılması ilə bağlı xüsusi normativ tənzimləmə və ya sanksiya müəyyən edilməyib.

Bu məsələ ilə bağlı hüquqi məsuliyyət və cərimələr barədə dəqiq nəticəyə yalnız aidiyyəti sahə üzrə xüsusi normativ aktlar qəbul edildikdən sonra gəlmək mümkündür. Yəni bu kimi hallarda əvvəlcə məhkəmə qərarı olmalıdır. Yalnız bundan sonra məhkəmənin qərarı icra edilməzsə, şəxs inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Burada məsuliyyət kameranın quraşdırılmasına görə deyil, məhkəmə qərarının icra edilməməsinə görə yaranır.

Kimsə kamera quraşdırıbsa, bu, onun birbaşa məsuliyyətə cəlb olunması demək deyil. Qonşusu onu məhkəməyə verdikdə və məhkəmə həmin şəxsin xeyrinə qərar çıxardıqda, qərar icra olunmadığı, kameralar sökülmədiyi və ya qərarda göstərilən digər tələblərə əməl edilmədiyi halda məsuliyyət yarana bilər”.

media-img-20260709-wa0099

Həmsöhbətimiz bununla bağlı İnzibati Xətallar Məcəlləsindəki ümumi maddələri də təqdim edib:

“Ümumilikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi məhkəmə və digər dövlət orqanlarının qərarlarının (məsələn, aliment, borc, cərimə, əmlakın qaytarılması və s.) qəsdən və ya üzrsüz səbəbdən icra edilməməsinə görə tətbiq olunan məsuliyyəti müəyyən edir.

Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi

528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarından və pozuntunu törədənin şəxsiyyətindən asılı olaraq bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

528.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, vaxtında göndərilməməsinə və ya borclunun iş yeri, yaşayış yeri, gəlirləri və əmlak vəziyyəti barədə düzgün olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

528.3. Borclunun hesabına xidmət edən bank, digər kredit təşkilatı və ya elektron pul təşkilatı tərəfindən hesabda tələbkarın tələblərinin təmin olunması üçün kifayət qədər vəsait olduğu halda təqdim edilmiş icra sənədinin müəyyən olunmuş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə, inzibati məsuliyyətdən azad olunur”.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər