media-inshot_20260710_100726288

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinə adını yazdırıb.

Patrul.az xəbər verir ki, Fransa yığmasının kapitanı futbol tarixində iki fərqli dünya çempionatında ən azı 8 qol vuran ilk futbolçu olub.

Fransalı hücumçu DÇ-2026-nın 1/4 finalında Mərakeşə qarşı keçirilən oyunda turnirdəki 8-ci qolunu vurub. Mbappe matçın 28-ci dəqiqəsində qazandığı penaltini Mərakeşin qapıçısı Yasin Bununun dəf etməsi səbəbindən dəyərləndirə bilməsə də, 60-cı dəqiqədə cərimə meydançasının kənarından vurduğu dəqiq zərbə ilə hesabını açıb.

Mbappe topuğundan yüngül zədə aldığı üçün ehtiyat tədbiri məqsədilə 77-ci dəqiqədə alqışlar altında əvəzlənib.

Bununla yanaşı, 27 yaşlı hücumçu dünya çempionatları tarixində 20 oyuna çıxan ən gənc futbolçu olub. O, 1982-ci ildən bəri qüvvədə olan polşalı Vladislav Jmudanın rekordunu geridə qoyub.

Xatırladaq ki, Mbappe 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında da 8 qol vurmuşdu.

Qeyd edək ki, DÇ-2026-nın bombardirlər yarışında Kilian Mbappe və Lionel Messi hərəyə 8 qol vuraraq şərikli liderdir. Messi hesabına 1 məhsuldar ötürmə də yazdırıb.

Dünya çempionatları tarixində vurulan qolların ümumi sayına görə isə Mbappe 20 qolla ikinci pillədə qərarlaşıb. Bu göstəricidə ona yalnız 21 qolu olan Lionel Messi başçılıq edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər