Azərbaycanda dəm qazı təhlükəsi: Detektorlar məcburi olmalıdırmı?
Son dövrlərdə Azərbaycanda dəm qazından zəhərlənmə və ölüm halları yenidən gündəmə gəlib. Xüsusilə qış aylarında fərdi evlərdə və çoxmənzilli binalarda qazla işləyən sobalardan, su qızdırıcılarından və kombi sistemlərindən düzgün istifadə edilməməsi ciddi təhlükə yaradır. Problemin aktuallığı fonunda həm maarifləndirmə, həm də texniki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruri hesab olunur.
Bəs Avropanın bəzi ölkələrində tətbiq olunan dəm qazı detektorları Azərbaycanda da evlərdə məcburi şəkildə quraşdırıla bilərmi?
Bu barədə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Patrul.az-a açıqlamasında bildirib ki, qazdan düzgün istifadə olunmadıqda dəm qazı təhlükəsi yaranır:
“Ümumiyyətlə, qaz təsərrüfatı olan məkanlarda təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Çünki qazın fiziki-kimyəvi xassələri onu yanıcı və partlayıcı edir, düzgün istismar olunmadıqda isə dəm qazının yaranmasına səbəb olur. Buna görə də məişətdə qazdan istifadə edilirsə, onun təhlükəsiz istismarı mütləq təmin edilməlidir. İlk növbədə standartlara cavab verən qaz cihazlarından istifadə olunmalıdır. Otaqlarda mütləq havalandırma sistemi olmalı, ventilyasiya, nəfəslik, eləcə də dəm qazı və qaz sızmasına qarşı müvafiq təhlükəsizlik vasitələri quraşdırılmalıdır. Qazın yanması üçün otaqda kifayət qədər hava olma
lıdır. Əgər hava çatışmazlığı yaranarsa, bu, yanma prosesini əngəlləyən amil kimi dəm qazının əmələ gəlməsinə səbəb olur”.
E. Nurəliyevin sözlərinə görə, tüstü bacaları işlək və standartlara uyğun olmadıqda, natamam yanma baş verir və bu, dəm qazı təhlükəsini yaradır:
“Daha sonra tüstü bacalarına xüsusi diqqət yetirilməlidir. Tüstü bacaları mütləq normativ standartlara uyğun olmalı və daim işlək vəziyyətdə saxlanmalıdır. Yaxşı olar ki, ildə ən azı iki dəfə tüstü bacaları təmizlənsin və bu işlər yalnız ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilsin. Qaz cihazlarına hər hansı kənar müdaxilə etmək, texniki qulluq göstərmək, onların yerini dəyişmək və ya tüstü bacalarına müdaxilə etmək yolverilməzdir. Bütün texniki xidmət və təmir işləri yalnız ixtisaslaşmış müəssisələr tərəfindən görülməlidir. Dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə yaranır. Tüstü bacasının işlək vəziyyətdə olmaması, otaqda kifayət qədər havanın olmaması və ya bacanın soyuma qabiliyyətinin zəif olması bu prosesə mane olur və dəm qazının yaranmasına şərait yaradır. Buna görə də bu amillərə ciddi riayət edilməli və mütləq dəm qazına qarşı detektorlar quraşdırılmalıdır”.
Ekspertin sözlərinə görə, dəm qazı detektorları xüsusilə hamam otaqlarında yaranan təhlükəni vaxtında aşkarlayaraq zəhərlənmə riskinin qarşısını alır:
“Dəm qazı detektorları dəm qazı əmələ gəldikdə xüsusi səs siqnalı vasitəsilə istifadəçini xəbərdar edir. Bu isə vaxtında tədbir görməyə imkan yaradır və insanın dəm qazının qurbanına çevrilməsinin qarşısını alır. Dəm qazı ən çox harada yaranır? Əsasən hamam otaqlarında. Çünki təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının quraşdırılması məqsədəuyğun deyil. Lakin belə cihazlar mövcuddursa, mütləq havalandırma, ventilyasiya və nəfəslik olmalı, tüstü bacası isə normativ standartlara uyğun qurulmalıdır. Bu tələblərə əməl edildiyi halda təhlükəsizlik tədbirləri təmin olunur və dəm qazı zəhərlənməsi riskinin qarşısı alınmış olur”.
Cəmilə Cəfərzadə






