Avtomobilini qayıq hesab etdi? - Bilgəh çimərliyində məsuliyyətsizlik narazılıq doğurdu - VİDEO
Patrul.az redaksiyasına videogörüntü göndərən vətəndaş Bilgəh çimərliyində baş vermiş hadisəni əks etdirən kadrları təqdim edib.
Videogörüntülərdə 99-UY-700 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobilin dəniz suyuna daxil olduğu və nəticədə batdığı görünür.
İzləyicimizin sözlərinə görə, hadisə həftəsonu baş verdiyindən çimərlikdə istirahət edən insanların sayı kifayət qədər çox olub. Bildirilir ki, sürücü əvvəlcə avtomobillə çimərlik ərazisində hərəkət edərək insanların rahat istirahətinə mane olub, daha sonra isə nəqliyyat vasitəsini birbaşa dənizə sürüb. Nəticədə avtomobil suda batıb.

Burada haqlı olaraq bir neçə sual yaranır: Sürücü bu hərəkəti ilə kimə və nəyi nümayiş etdirmək istəyirdi? Avtomobili qayıq hesab etmişdi? Çimərlik insanların istirahəti üçün nəzərdə tutulduğu halda, hansı məntiqlə nəqliyyat vasitəsi ilə həmin əraziyə daxil olaraq insanların həyatını təhlükə altına atırdı?
Belə məsuliyyətsiz davranış təkcə sürücünün öz əmlakına ziyan vurması ilə yekunlaşmır. Bu cür hərəkətlər çimərlikdə istirahət edən insanların, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün ciddi təhlükə yarada bilər. İctimai yerlərdə bu cür özbaşına və nümayişkaranə davranışlar nə qanuna, nə də cəmiyyətin qəbul etdiyi davranış normalarına sığır.
Patrul.az olaraq aidiyyəti qurumlardan hadisənin araşdırılmasını, sürücünün hərəkətlərinə hüquqi qiymət verilməsini və çimərlik ərazilərində bu cür məsuliyyətsiz davranışların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik. İctimai istirahət məkanları avtomobillərlə “şou” nümayiş etdirilən yerlər deyil.






