media-inshot_20260424_230111464

Belarusda qeyri-ənənəvi münasibətlərin və gender dəyişimi kimi mövzuların təşviqinə görə inzibati cərimələrin tətbiqi ilə bağlı yeni qanun qəbul edilib. Rəsmi məlumatlara görə, belə halların ictimai və ya yetkinlik yaşına çatmayanlara yönəlmiş şəkildə təşviqi daha sərt məsuliyyət yaradır və hətta inzibati həbslə nəticələnə bilər.

Belə bir qərar Azərbaycanda da qəbul oluna bilərmi?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, Belarusda qəbul edilən qərar bəzi ölkələrin cəmiyyətin mənəvi mühitinə, xüsusilə də gənc nəslin formalaşmasına təsir edən məsələlərə daha həssas münasibət sərgilədiyini göstərir:

“Əsas diqqət hüquqi mexanizmlərlə yanaşı, cəmiyyətin dəyərlərinin saxlanılmasına və gələcək nəslin formalaşmasına yönəlir.

Azərbaycan hər bir məsələni öz milli-mənəvi dəyərlərimiz, hüquqi sistemimiz və cəmiyyətimizin sosial mühiti əsasında formalaşdırır. Azərbaycan cəmiyyəti tarixən ailə institutuna, milli ənənələrə və mənəvi dəyərlərə söykənən model üzərində formalaşıb və sözügedən xətt dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə bütün addımlar qanunun aliliyi, vətəndaş hüquq və azadlıqları, beynəlxalq öhdəliklər çərçivəsində atılır”.

media-inshot_20260424_224957547

Millət vəkili vurğulayıb ki, cəmiyyətin mənəvi mühitinin qorunması, digər tərəfdən isə hüquqi çərçivənin düzgün qurulması dövlətimiz üçün prioritetdir:

“Xüsusilə diqqət çəkən məqam yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasıdır. Uşaqların və yeniyetmələrin psixoloji və mənəvi inkişafına təsir edən bütün amillər dövlətimizin diqqət mərkəzindədir. Bu istiqamətdə maarifləndirmə, valideyn məsuliyyəti və rəqəmsal mühitdə nəzarət mexanizmləri daha effektiv nəticə verəcək.

Bu kimi həssas məsələlərdə hüquqi və sosial reallıqlara əsaslanan qərarlar qəbul edilir”.

“Bir sözlə, əsas məqsəd cəmiyyətdə sağlam mühitin qorunması, gənc nəslin düzgün istiqamətləndirilməsi və milli dəyərlərin davamlılığının təmin edilməsidir. Sözügedən sahədə nəticənin əldə olunması üçün ailə, məktəb və cəmiyyətin birgə məsuliyyəti həlledicidir”,– deyə o sözlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər