media-inshot_20251103_123003393

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan liderləri bu ilin oktyabr ayında müxtəlif səviyyədə 4 dəfə görüşüblər. Bu cür təmasların ardından Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan Prezidenti İlham Əliyevi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək “Avropa Siyasi Cəmiyyətinin sammit”ində iştirak etmək məqsədilə Ermənistana dəvət edib. 

Bəs Prezident İlham Əliyev dəvəti qəbul edə bilərmi?

Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən politoloq Aydın Quliyev bildirib ki, Azərbaycan Prezidentinin İrəvandakı sammitdə iştirakı sülh prosesində real irəliləyişlərin olub-olmamasından asılı olacaq:

“Avropa Siyasi Birliyinin Ermənistandakı siyasi sammitinə hələ aylar qalır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidentinin bu sammitdə iştirakı konkret veriləcək qərarlardan asılı olacaq. Sammitə qədərki müddətdə isə Azərbaycan-Ermənistan münasibətləri bir neçə dəfə ferqli radikal şəkildə dəyişə bilər. Bu situasiyanın gedişatından asılı olaraq, Azərbaycan diplomatiyasının qərar verməsi məncə ən düzgün və məqsədyönlü yanaşmadır.

Konkret olaraq indiki şərtlər çərçivəsində baxdıqda, mənim fikrimcə, Azərbaycan Prezidenti həmin sammitə getməyəcək. Çünki hazırkı şəraitdə, hər nə qədər Azərbaycan və Ermənistan arasında sülh prosesində müəyyən irəliləyiş olsa da, bu, əsasən Azərbaycanın ciddi təşəbbüsləri və təzyiqləri nəticəsində baş verib. Ermənistanın isə sülh prosesinin bu mərhələyə çatmasında rolu çox azdır. Üstəlik, sülh prosesi hələ tam başa çatmayıb və onun yekunlaşması üçün Azərbaycanın bəzi prinsipial tələblərinin yerinə yetirilməsinə ehtiyac var”.

A. Quliyev Prezidentin İrəvana səfəri barədə qərar yalnız həmin dövrdəki real vəziyyətə əsasən verilməli olduğunu vurğulayıb:

“Mənim fikrimcə, belə şəraitdə Azərbaycan Prezidentinin indiki şərtlər çərçivəsində İrəvana getməsi doğru olmazdı. Yəni, indiki şəraitin İrəvanda siyasi sammitin başlandığı anda mövcud olaraq qaldığı şəraitdə Azərbaycan Prezidentinin ora getməsi məncə düzgün olmazdı.Çünki Ermənistan Azərbaycanın sülh şərtlərini tam yerinə yetirməyibsə, bu halda Prezidentin sammitə qatılması beynəlxalq arenada yanlış bir təsəvvür yarada bilər. Belə ki, guya Azərbaycan sülh prosesinin hazırkı gedişindən tam razıdır və sülh prosesinin belə gedişi onun böyük gələcəyindən xəbər verir.

Belə bir yanlış rəyin formalaşmaması üçün düşünürəm ki, Prezidentin İrəvana səfəri ilə bağlı qərar həmin dövrdə – konkret şəraitin necə olacağına əsasən verilməlidir”.

Politoloqun fikrincə, Prezidentin İrəvana səfəri Ermənistanın daxili siyasi proseslərinə təsir göstərə biləcəyi üçün bu qərar çox diqqətlə verilməlidir:

“Digər tərəfdən, bu siyasi sammit gələn ilin may ayında keçiriləcək. Bilirik ki, gələn ilin iyun ayında Ermənistanda parlament seçkiləri olacaq. Azərbaycan Prezidentinin həmin vaxt İrəvana səfəri Ermənistanın daxili siyasi proseslərinə müəyyən təsir göstərə bilər və bu, müxtəlif təhlillərə, ehtimallara səbəb ola bilər. Əgər seçkilərdə Paşinyan qalib gəlsə, müxalifət bunu Azərbaycan Prezidentinin İrəvana səfərinin nəticəsi kimi qiymətləndirə bilər. Əks halda, Paşinyan məğlub olsa, bu nəticəni də həmin səfərlə əlaqələndirən fikirlər səslənə bilər. Bütün bu arqumentlər göstərir ki, Azərbaycan Prezidentinin İrəvandakı siyasi sammitdə iştirakı məsələsi çox ciddi və dərindən düşünülməli bir qərardır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər