media-photo-output

“Azərbaycan güclü dövlət olaraq həm də humanist dəyərlərə böyük önəm verən ölkədir. Bilirik ki, adətən güclü dövlətlər həm də siyasi mədəniyyət nümayiş etdirə bilirlər. Belə şəraitdə humanitar yardım göstərmək zəiflik deyil, əksinə güclü dövlətlərin siyasi mədəniyyətidir və Azərbaycan bunu praktik addımlarla həmişə göstərib”.

Bunu Patrul.az-a açıqlamasında Azərbaycanın İrana gərgin münasibətlər fonunda humanitar yardım göstərməsinə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan siyasi proseslərlə yanaşı müharibə şəraitində olan dövlətlərə həmişə humanitar yardım göstərməyə hazır olub:

“Biz münaqişə yaşamış ölkə olduğumuzdan humanitar məsələlərə həmişə diqqət etmişik. Azərbaycanın İrana humanitar dəstək göstərməsi həmin dəyərlərə verdiyi böyük önəmin göstəricisidir. Biz regionda yalnız güc siyasəti aparan dövlət deyilik, həm də humanitar məsuliyyət daşıyan bir ölkəyik. Bu baxımdan Azərbaycan yalnız İrana deyil, müharibə şəraitində olan Suriyaya, Ukraynaya, Yaxın Şərqə və digər Afrika ölkələrinə, o cümlədən meşə yanğınları və zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə də humanitar yardımını əsirgəməyib. Bir sözlə, dövlətimiz humanitar məsələlərdə həmişə humanist mövqe nümayiş etdirib”.

media-inshot_20260311_160759034

Deputat Naxçıvana dron hücumundan sonra İran Prezidenti Məsud Pezeşkianla Prezident İlham Əliyev arasında baş tutan telefon danışığına da toxunub:

“İranla münasibətlərdə təəssüflər olsun ki, bəzi anlaşılmazlıqlar baş verib. Bu hadisədən sonra İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib və iki ölkə başçıları Naxçıvana endirilən dron zərbələrini müzakirə ediblər. Telefon danışığı zamanı Pezeşkian rəsmi Tehranın mövqeyini də bildirib. Onların sözlərinə görə, Naxçıvana dron zərbələri İran tərəfindən endirilməyib. Amma İlham Əliyev də bu məsələlərin rəsmi Tehran tərəfindən ciddi araşdırılmalı olduğunu diqqətə çatdırıb. Düşünürük ki, bu məsələ araşdırılacaq və Azərbaycan tərəfinə də məlumat veriləcək.

Bölgədə artıq 12 gündür davam edən eskalasiya yaxşı heç nə vəd etmir. Müharibə qandır, günahsız insanların həyatını itirməsi, yaralanması və infrastrukturların dağılması deməkdir. Bu isə yalnız siyasi deyil, həm də iqtisadi və humanitar kataklizmlər yaradır. Bu mənada biz yaxın ölkə olaraq belə hadisələrin baş verməsini arzulamırıq və rəsmi Bakı siyasi mövqeyində ABŞ, İsrail və İranı danışıqlar masasına dəvət edib.

Biz 30 ilə yaxın müharibə şəraitində olmuşuq və öz gücümüz hesabına qalib gələrək suverenliyimizi bərpa etmişik. Yəni müharibənin nə olduğunu hamıdan yaxşı biz bilirik. Ona görə də qonşuluğumuzda yalnız sülhün olmasında maraqlıyıq. Hər hansı insidentlərin baş verməsinə baxmayaraq rəsmi Bakı humanist dəyərlərə nə dərəcədə sadiq olduğunu bu cür addımlarla həmişə nümayiş etdirib”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər