"Azərbaycanın MiQ-29 təyyarəsi Ukraynadadır" - Rusiya və Ermənistanın saxta xəbərlərinə CAVAB
Azərbaycana qarşı Rusiya və Erməni xəbər portalları saxta xəbərlər yaymağa davam edir.
Patrulaz.az xəbər verir ki, Rusiyaya məxsus “Hərbi xəbərçi” adlı teleqram səhifəsi “Azərbaycanın MiQ-29 təyyarəsi Ukrayna Silahlı Qüvvələrində xidmətdədir” başlıqlı saxta məlumat yayıb. Guya Azərbaycan Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsinə cavab olaraq Ukraynaya MiQ-29 göndərib.
Eyni iddialar erməni teleqram səhifəsi “Armyanskaya Vendetta” tərəfindən də yayılıb. Həmin səhifə Azərbaycanı “cinayətkar ölkə” kimi qələmə verməyə çalışaraq, heç bir əsas olmadan Azərbaycanın guya Ukraynada müharibədə iştirak etdiyini yazıb.
Lakin bütün bu məlumatlar yalan və təxribat xarakterlidir. Ona görə ki,
Azərbaycan indiyə qədər Ukraynaya yalnız humanitar yardım (dərman vasitələri, ərzaq, tibbi ləvazimatlar) göndərib.
Azərbaycan hökumətinin mövqeyi aydındır: Hərbi əməliyyatlar aparan ölkələrə silah tədarükünə embarqo tətbiq edilir. Bu prinsip Rusiya-Ukrayna müharibəsi zamanı da dəyişməyib.
Ukraynaya hər hansı MiQ-29 və ya başqa hərbi texnika göndərilməsi barədə iddialar tamamilə qondarma və təbliğat məqsədli uydurmalardır.
Aydındır ki, Azərbaycanın Ermənistanla sülh prosesində irəliləməsi bəzi dairələri ciddi şəkildə narahat edib. Rusiya və erməni mediası bu tip saxta xəbərlər yayaraq, ictimai rəyi çaşdırmaq və Azərbaycanı beynəlxalq arenada hədəf göstərmək istəyir.
Azərbaycan isə hər zaman olduğu kimi, münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və yalnız humanitar missiyalara töhfə verir.








