media-inshot_20251104_121708434

“Siyasi baxımdan Ermənistanla Azərbaycan arasında münaqişə sona çatsa da, sosial-psixoloji baxımdan hələ də davam edir”.

Patrulaz.az “Sputnik Armenian”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda çıxışı zamanı deyib.

O bildirib ki, regionda sülhün qurulması diplomatik sənədlərlə məhdudlaşmamalı, həm də cəmiyyətlərin düşüncəsində dəyişiklik yaratmalıdır:

“Sülh bizim üçün də, Azərbaycan üçün də yeni mühitdir. Uzun illər davam edən qarşıdurma cəmiyyətlərimizin psixologiyasını formalaşdırıb. Bir-birimizi yalnız konflikt prizmasından görməyə öyrəşmişik”, – deyə baş nazir əlavə edib.

Paşinyan qeyd edib ki, müstəqillik dövrü boyunca iki xalq sülh şəraitini yaşamayıb və bu səbəbdən ictimai şüurun dəyişməsi zaman tələb edir. Onun fikrincə, regionda davamlı və dayanıqlı sülhün təmin olunması üçün təkcə diplomatik razılaşmalar deyil, həm də qarşılıqlı anlayışın formalaşması vacibdir:

“Münaqişəyə siyasi cəhətdən son qoymaq mümkündür, lakin insanların düşüncəsi bir gündə dəyişmir. Bunun üçün dialoq, vaxt və yeni yanaşmalar lazımdır”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, sülh sazişinin imzalanacağı yer və tarixlə bağlı hələlik yekun qərar yoxdur, lakin İrəvan müzakirələrə başlamağa hazırdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər