“Azərişıq” əməkdaşlarından “yenilik”: qırılan işıq dirəyi ağaca bərkidildi - VİDEO
Lerik rayonunun Nücü kənd sakininin Patrul.az redaksiyasına göndərdiyi video görüntülərdə kənd ərazisində Azərişıq ASC-yə məxsus, istismar müddəti bitmiş taxta işıq dirəyinin qırıldığı bildirilir.
Məlumata görə, hadisə yerinə gələn əməkdaşlar qırılmış dirəyi yenisi ilə əvəz etmək əvəzinə, onun bir hissəsini yaxınlıqdakı ağacın yuxarı hissəsinə bərkidərək elektrik xətlərini qoşub və ərazini tərk ediblər.
Görüntülərdən aydın olur ki, tətbiq olunan üsul müvəqqəti xarakter daşıyır və təhlükəsizlik baxımından ciddi suallar yaradır. Elektrik xətlərinin ağaca bərkidilməsi həm texniki normalara uyğunluq, həm də sakinlərin təhlükəsizliyi baxımından narahatlıq doğurur.
Sakinlər problemin əsaslı şəkildə aradan qaldırılmasını, qırılmış dirəyin təhlükəsiz standartlara cavab verən yeni dirəklə əvəz olunmasını tələb edirlər.
Məsələ ilə bağlı Azərişıq ASC-nin mövqeyini dərc etməyə hazırıq.
Günay Salayeva






