"Azneft dairəsində yeni avtobus dayanacağının istifadəyə verilməsi vacib idi" - ŞƏRH
Son aylarda şəhər nəqliyyatı istifadəçilərinin rahatlığını artırmaq məqsədilə bir sıra yeniliklər həyata keçirilir. Uzun müddətdən sonra nəhayət Azneft dairəsində sərnişinlər üçün yeni dayanacaq məntəqəsi quraşdırılır. Bu dayanacaq 65, 18, 10, 6 və 205 saylı avtobusları gözləyən vətəndaşlara xidmət göstərəcək.
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, Filarmoniya bağının ətrafı şəhərin sıx ərazilərindən olub, yeraltı piyada keçidi müxtəlif istiqamətlərə çıxışı təmin edir:
“Filarmoniya bağının ətrafı şəhərin ən sıx və vətəndaşların gündəlik istifadəsində olan aktiv ərazilərindən biridir. Buradakı vəziyyətin digər ərazilərdən fərqi ondan ibarətdir ki, bir neçə il əvvəl həmin ərazidə yeraltı piyada keçidi inşa olunmuş və piyada keçidi bir neçə istiqamət üzrə şaxələndirilmişdir. Bu, Niyazi küçəsi və Neftçilər prospekti boyunca dayanacaqlar təmin edilməklə şəhərin müxtəlif ərazilərinə bağlantı yaradıb”.

Ekspertlərin sözlərinə görə, bu ərazi mühüm marşrut xətləri ilə bağlıdır və vətəndaşların gündəlik istifadəsi üçün dayanacaq vacibdir:
“Məsələnin mahiyyəti ondadır ki, həmin ərazidən çox mühüm marşrut xətləri keçir və gündəlik olaraq vətəndaşlar bu ərazidən istifadə edirlər. Açıq sahə, dənizin birbaşa küləyi, sahil boyu yerləşməsi, Filarmoniya bağının yanı, İçərişəhər metrostansiyasının yaxınlığı və dövlət əhəmiyyətli xüsusi mühafizə olunan bir ərazi olması səbəbindən vətəndaşların mütəmadi istifadə etdiyi bir məkandır. Həmçinin, burada yüksək təhlükəsizlik tədbirləri görülür və ictimaiyyət üçün sərbəst istifadə imkanı təmin olunur. Bu da təbii ki, bizim üçün qürurvericidir. Ona görə də həmin ərazidə dayanacağın olması vacib idi. Dayanacaq vacibdir, çünki ərazi yağıntının çox olduğu və küləyin olduğu bir bölgədə yerləşir. İşin mahiyyəti və konseptuallığı ondadır ki, bu ərazi vacib elementlərlə zəngin bir məkandır”.

Cəmilə Cəfərzadə






