media-inshot_20260209_162150059

Son dövrlərdə azyaşlıların cinayətə meyilliliyi məsələsi ictimaiyyətdə ciddi narahatlıq doğurur. Hər gün xəbər portallarında və yerli mətbuatda yeniyetmələr arasında oğurluq, qəsdən xəsarət yetirmə və digər cinayət halları ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Cəmiyyətdə bu tip mənfi halların azyaşlılıar arasından başlaması məyusedicidir. Bəs görəsən buna səbəb nədir?

Mövzu ilə bağlı Patrul.az-a danışan kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva təəssüf hissi ilə bildirib ki, son dövrlərdə məktəblilərin, azyaşlıların şiddətə meyilliliyi ilə bağlı xeyli hadisə baş verir:

“Düşünürəm ki, oynadıqları oyunlar, daxil olduqları platformalar uşaqların psixologiyasına mənfi təsir göstərir. Nəinki oynadıqları oyunun məzmunu, ümumilikdə bu texnoloji vasitələrdə çox vaxt keçirmək, yuxusuz qalmaq onların birbaşa psixikasına təsir edir və onların həssaslaşmasına, tez qıcıqlanmasına gətirib çıxarır.

Şiddət məzmunlu oyunlar sayəsində hansı ki bəzi ölkələrdə onlar qadağan olunub, uşaqlar üçün vurmaq, öldürmək və s. adiləşmiş olur. Nə qədər bunun fərqinə varmasalar da, həmin qəddar davranışlar artıq uşaqların özlərində də formalaşmağa başlayır. Sanki indiki uşaqlarda mərhəmət hissi də azalıb”.

media-inshot_20260209_162013889

Həmsöhbətimiz ötən günlərdə liseydə baş verən faciəvi hadisəyə də münasibətini ifadə edib:

“Adətən liseylərdə müəllimlər daha təmkinli, mülayim və səbrli olurlar. Ehtimal ki orada uşağın dərsdə aktivliyi, tapşırıqlarını vaxtında yerinə yetirməsi, nizam-intizamlı olmaq kimi qaydalar həmin şagird üçün qəbulolunan olmayıb və səbirsiz davranaraq belə bir addıma əl atıb.

Təbii ki, hər şeyin başlanğıcı uşaqlıqda qoyulur. Heç bir uşaq birdən-birə aqressiv olmur. Uşaqlara erkən yaşlarda oyuncaq silahların verilməsi, oynadıqları şiddət məzmunlu oyunlar bugünkü gündə onların aqressivləşməsinə səbəb olur. Ailədə sağlam mühitin olmaması (ya nəzarətsizlik, ya həddən çox nəvazişin, ya da əksinə aqressiyanın olması) da uşaqda şiddətə meyilliliyi ortaya çıxara bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər