Bağçasında 40 metrlik quyu qazdı - Həbs edildi
Türkiyənin Hatay vilayətində qeyri-adi hadisə baş verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayda bağçasında 40 metr dərinliyində, 3 metr enində quyu qazaraq xəzinə axtaran şəxs saxlanılıb.
Məlumata görə, şübhəli təxminən iki il ərzində gecə-gündüz qazıntı işləri aparıb. O, xəzinə tapmaq məqsədilə həyətində nəhəng tunel qazıb. Lakin icazəsiz qazıntı apardığı müəyyən edildikdən sonra barəsində tədbir görülüb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı şübhəlinin evində, torpaq sahəsində və bağçasında axtarış aparılıb. Axtarış nəticəsində təxminən 40 metr dərinliyində və 3 metr enində tunel, həmçinin elektrik və havalandırma sistemi ilə təchiz edilmiş çuxur aşkarlanıb.
Hadisə yerindən kran, generator, qaz maskası və filtr, metal detektoru, artefakt axtarış çubuğu, qırıcı alətlər, çoxsaylı qazma baltaları, kürəklər, iplər və elektrik kabelləri müsadirə edilib.
Şəxs “icazəsiz qazıntı aparma” maddəsi ilə saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. Bildirilir ki, o, iki il ərzində apardığı qazıntı işləri nəticəsində heç bir xəzinə və ya tarixi əşya tapa bilməyib.






