Bahalı məhsullar həmişə keyfiyyətli ola bilərmi? - Qiymət və keyfiyyət arasındakı həqiqət
Bazarda məhsul bolluğu artdıqca istehlakçıların qarşısında yeni bir seçim dilemması yaranır. Eyni kateqoriyada olan, lakin qiymət baxımından ciddi fərqlənən məhsullar alıcıları düşündürür. Brend adı, reklam strategiyaları və yüksək qiymət bir çox hallarda keyfiyyət göstəricisi kimi qəbul edilsə də, bu yanaşma hər zaman özünü doğrultmur. Xüsusilə gündəlik tələbat məhsullarında bahalı seçimlərin həqiqətən daha üstün olub-olmaması istehlakçılar arasında müzakirə mövzusuna çevrilib.
Belə olan halda ortaya sual çıxır: bahalı məhsul hər zaman daha keyfiyyətlidirmi?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məhsulun qiyməti onun keyfiyyətinə işarə edə bilər, lakin bu meyar təkbaşına etibarlı göstərici hesab edilmir:
“Bahalı məhsulun həmişə keyfiyyətli olması fikri çox yayılıb, amma reallıqda qiymət və keyfiyyət arasındakı əlaqə birbaşa deyil. Qiymət bir məhsulun dəyərini göstərə bilər, amma onu tam əks etdirmir. Bir neçə səbəb var.
Birincisi, brend və prestij amili ortadadır. Tanınmış markalar adətən istehsal xərclərindən daha çox pul tələb edir, çünki insanlar onların məhsullarını sosial status və prestij üçün alırlar. Bu halda qiymət yüksəldiyi halda məhsulun texniki keyfiyyəti eyni səviyyədə qala bilər.
İkincisi, marketinq və qablaşdırma xərcləridir. Reklam, paket dizaynı və satış kanalları məhsulun qiymətini artırır, amma əslində məhsulun funksionallığına çox təsir etmir.
Üçüncüsü, material və istehsal fərqi var. Həqiqətən keyfiyyətli məhsullar daha yaxşı xammal, dəqiq texnologiya və uzunömürlü dizayn tələb edir. Bu hallarda bahalı məhsul daha yaxşı ola bilər, amma hər bahalı məhsul belə deyil.
Dördüncüsü, qiymət-keyfiyyət balansı nəzərə alınır. Bəzən ucuz məhsullar da eyni funksionallığı təmin edir, sadəcə brend və marketinqə pul qoyulmayıb. Yəni ucuz məhsulların arasında da çox keyfiyyətli seçimlər tapmaq mümkündür”.

Ekspertin sözlərinə görə, doğru seçim məhsulu təkcə qiymətinə görə deyil, onun real xüsusiyyətləri və istifadə təcrübəsinə əsaslanaraq dəyərləndirməkdir:
“Ən düzgün yanaşma, məhsulu qiymətinə görə deyil, istifadə məqsədinə, materialına, davamlılığına və istifadəçi rəylərinə görə qiymətləndirməkdir. Qiymət yalnız bir göstəricidir, amma heç də həmişə keyfiyyətin zəmanəti ola bilmir”.
Cəmilə Cəfərzadə






