"Bakı şəhərsalma siyasətində qlobal ""moderator" roluna yüksəlir" - Bəhruz Məhərrəmov
“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində minlərlə xarici qonağın ölkəmizə gəlməsi Azərbaycanı qlobal müzakirələrin əsas mərkəzlərindən birinə çevirməklə dövlətimizə mühüm istiqamətlərdə strateji dividendlər qazandırır, qlobal diplomatiyadakı çəkisini artırır və milli inkişaf modelimizi dünyaya uğurla diktə edir”.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun ölkəmiz üçün açacağı imkanlar barədə Patrul.az-a açıqlamasında bildirib.
Deputat bildirib ki, WUF13 Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini postmünaqişə bərpasının qlobal modeli kimi təqdim edir:
“İlk növbədə, cənab Prezidentin müzəffər liderliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları WUF13 platforması vasitəsilə dünyaya postmünaqişə bərpasının qlobal etalonu kimi nümayiş etdirilir. Bu tədbir Bakını şəhərsalma siyasətinə yön verən qlobal moderator səviyyəsinə qaldırır”.

B.Məhərrəmov qeyd edir ki, WUF13 “yaşıl artım” çərçivəsində bərpa və yaşıl infrastruktur üçün xarici investisiyaların cəlb olunmasına şərait yaradır:
“Habelə dövlət başçısı tərəfindən milli prioritet kimi müəyyən edilmiş “yaşıl artım” strategiyasına uyğun olaraq, forum qlobal maliyyə institutları və nəhəng texnologiya şirkətləri ilə birbaşa əlaqələrə meydan açır. Bu həm azad olunmuş ərazilərimizin yenidən qurulmasına, həm də ölkə miqyasında yaşıl infrastruktur layihələrinə birbaşa xarici investisiyaların cəlb edilməsi deməkdir”.
Deputatın sözlərinə görə, minlərlə xarici qonağın Bakıda qəbul olunması MICE turizmini gücləndirir və ölkənin infrastruktur imkanlarını nümayiş etdirərək davamlı turist axını yaradır:
“Əvvəldə də qeyd etdiyimiz kimi, minlərlə xarici qonağın paytaxtımızda qəbul olunması isə Bakının beynəlxalq “MICE turizmi” xəritəsindəki aparıcı mövqeyini gücləndirir. Bu irimiqyaslı tədbir ölkəmizin infrastruktur imkanlarını qlobal miqyasda nümayiş etdirərək uzunmüddətli perspektivdə davamlı turist axınını təmin edir”.
Cəmilə Cəfərzadə






