Bakıda bir yumruq kişini məhkəməlik etdi
Bakıda 23 yaşlı oğlanın birgə yaşadığı tanışı ilə mübahisəsi cinayətlə nəticələnib.
Patrul.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. 2003-cü il təvəllüdlü Ülvi birgə yaşadıqları evdə tanışı Arzu (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ülvi birgə yaşadığı Arzu ilə aralarında baş vermiş mübahisə zəminində onun sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ülvi ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini söyləyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
