Sumqayıt Bulvarında söhbətgahlar baxımsız vəziyyətdədir - Ayrılan vəsait və əldə olunan gəlirlər hara xərclənir? - VİDEO
Patrul.az redaksiyasına Sumqayıt şəhər sakini tərəfindən göndərilən videogörüntülərdə Sumqayıt Bulvarında yerləşən söhbətgahların acınacaqlı vəziyyətdə olduğu görünür. İstirahət üçün nəzərdə tutulmuş bu məkanların bir hissəsinin yararsız hala düşməsi, baxımsız qalması və vaxtında təmir olunmaması şəhər sakinlərinin haqlı narazılığına səbəb olub.
Göndərilən görüntülər fonunda ictimaiyyəti düşündürən ciddi suallar yaranır. Sumqayıt Bulvarının saxlanılması və abadlaşdırılması üçün ayrılan maliyyə vəsaiti hansı istiqamətlərə xərclənir? Bulvar ərazisində fəaliyyət göstərən obyektlərdən və kirayəyə verilən yerlərdən əldə olunan gəlirlər hara yönləndirilir?
Qeyd edək ki, Sumqayıt Bulvarı şəhərin əsas istirahət məkanlarından biri hesab olunur və burada mütəmadi olaraq təmir-bərpa, abadlıq və yaşıllaşdırma işlərinin aparıldığı bildirilir. Son aylarda da bulvar ərazisində abadlıq və landşaft işlərinin davam etdirilməsi ilə bağlı rəsmi açıqlamalar verilib.
Lakin vətəndaşın təqdim etdiyi görüntülər mövcud vəziyyətin bəzi hissələrdə bu açıqlamalarla üst-üstə düşmədiyini göstərir. İctimai istifadədə olan söhbətgahların baxımsız vəziyyətdə qalması, onların vaxtında təmir olunmasına və saxlanılmasına nə dərəcədə nəzarət edildiyi ilə bağlı suallar yaradır.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə operativ reaksiya verəcək, videogörüntülərdə əks olunan problemləri araşdıracaq və Sumqayıt sakinlərinin rahat istirahəti üçün söhbətgahların bərpası istiqamətində zəruri tədbirlər görəcəklər.






