media-inshot_20260714_152520257

Cəmiyyətimizdə əl-qol, mimika və jestlərlə danışan insanlar çoxluq təşkil edir. Lakin ölkəmizdə bu tərzdə danışmağın bəzən mədəniyyətsizlik və ya hörmətsizlik kimi qəbul edildiyi barədə fikirlər var. Məsələn, dünən Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda xatirə şəkli çəkdirilərkən “Əl-Ərəbiyyə” telekanalında çalışan tanınmış jurnalist Layal Əl-İxtiyarın Prezident İlham Əliyevlə danışarkən əl-qol hərəkətlərindən istifadə etməsi sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər liderin qarşısında bu cür danışmağın etik olmadığını bildiriblər. Lakin kənardan baxdıqda Prezidentlə jurnalist arasında maraqlı və diqqətçəkən söhbətin getdiyi də hiss olunurdu.

Maraqlıdır, insanın danışarkən əl-qol hərəkətlərindən istifadə etməsi nə ilə əlaqədardır? Bu, temperament, ünsiyyət tərzi və ya psixoloji xüsusiyyətlərlə bağlıdır, yoxsa doğrudan da etik norma kimi qiymətləndirilməlidir?

Bununla bağlı psixoloq Aytən Ələkbərova Patrul.az-a açıqlamasında əl-qol hərəkətləri ilə danışan insanları iki qrupa ayırıb. Onun fikrincə, insanlar mimika və jestlərdən ya fikirlərini daha düzgün, emosional çatdırmaq məqsədilə, ya da aqressiyalarını göstərmək üçün istifadə edirlər:

“Əl-qol hərəkətləri və jestlə danışmaq nə etik, nə də psixoloji problemin əlaməti deyil. Belə şəxsləri görüb, “”Bir buna bax, mimikaları oynayır, əl-qolla danışır, aqressiyasını göstərmək istəyir” tipli ifadələr işlədənlər yanılırlar.

Məsələn, məktəbdə müəllim şagirdinə şeiri içdən, duyğuları əks etdirəcək şəkildə öyrətməyə çalışır ki, “”Ana Vətən” deyildikdə əllər yuxarı qaldırılsın. Bununla da vətənə olan sevgi göstərilir.

Bu, bir ünsiyyət tərzidir. İnsanlar bir-biri ilə normal söhbətləşərkən mimika, jest və əl-qol hərəkətlərindən istifadə etdiklərini görürük. Çünki insan danışarkən fikrini daha düzgün ifadə etmək üçün bu cür hərəkətlərə yol verir. Bunun insanın davranış tərzinə çevrilməsi oxuduğunu və ya dediyini daha səmimi, daha gözəl ifadə etməsindən irəli gəlir.

Məsələn, yaxşı öyrəndiyim tarix dərsini, oradakı hər bir xronologiyanı çalışacağam ki, bədən dili ilə də izah edim. Bu da insanların daha çox istifadə etdiyi jestlərdən irəli gəlir və onlar təbii ünsiyyətin bir parçasıdır”.

Həmsöhbətimiz ictimai tədbirlərdə bu cür danışıq tərzini ünsiyyət qaydalarına uyğun olduğu müddətdə normal hesab edir:

“Cəmiyyətimizdə mimika və jestlə danışmaq daha çox yayılıb. Bunu psixoloqların, müəllimlərin müxtəlif tədbirlərdəki çıxışlarında da görürük. Bu çıxışlarda bədənin də “danışması” informasiyanın daha tez çatdırılmasına kömək edir.

Məsələn, biz uşaqlarda psixoloji portret hazırlayarkən onların emosiyalarını xüsusi vurğu ilə ifadə edirik ki, sabah məktəblərarası hansısa yarış keçiriləndə bu uşaqlar öz komandalarını qalib edə bilsinlər. Biz görürük ki, komandalar içərisində emosional insanlar daha çox əl-qolla danışır və qalib olurlar.

Emosional zəkası güclü psixoloqlar da var ki, onlar təlim keçən zaman məhz buna görə asanlıqla kütlə toplaya bilirlər. İnsan jestləri ilə qarşısındakı auditoriyanı ələ almalıdır. Təbii olaraq bu jestlərdən müəllimlər, psixoloqlar, jurnalistlər, natiqlər və digər peşə sahibləri istifadə ed bilərlər” .

media-inshot_20260714_152314357

Ekspertin sözlərinə görə, mimika və jestlərin yerində işlədilməsi daha doğrudur:

“Əgər danışıq zamanı qarşı tərəf təhqir edilmirsə, səs tonu normaldırsa, amma hərəkətlərlə müəyyən addımlar atılırsa və ya aqressiv şəkildə hədə-qorxu gəlinirsə, bunlar tamamilə peşə vərdişindən irəli gələn insanlara aid ola bilər. Əgər bir şəxs sənin şəxsi məkanına müdaxilə edərsə, aqressiv və hədə-qorxu ilə danışarsa, təbii olaraq bu artıq etik baxımdan qənaətbəxş deyil.

Ona görə də jestlər qeyri-iradi, hətta idarəolunmaz şəkildə yaranarsa, bu insanlarda gələcəkdə nevroloji və psixoloji əlamətlər müşahidə oluna bilər. Belə insanları cəmiyyətdən və ictimai tədbirlərdən uzaq saxlayırlar.

Bir təlimçi aqressiya ilə öz eqosunu göstərərək təkəbbür nümayiş etdirirsə, insanlara yuxarıdan aşağı baxaraq “”mənəm mən” deməklə topluma qarşı hörmətsizlik etmiş olur. Biz toplum dedikdə müəssisə rəhbərlərini, məktəb direktorlarını nəzərdə tuturuq. Əgər onlar aqressiv davranış nümayiş etdirirlərsə, bu, artıq həmin şəxslərdə psixoloji və ya nevroloji problemlərin ola biləcəyini göstərə bilər.

Yerində, hər hansı bir şəxsi təhqir etmədən tənqid etmək isə insanın davranışından irəli gəlir. Ona görə də əl-qolla danışanları iki qrupa ayırdıq: nevroloji və psixoloji cəhətdən sağlam olmayan insanlar və sağlam insanlar. İkinci qrupa aid olan əl-qolla danışan fəal gənclər isə daha çox emosional zəkalarının üstün olduğunu göstərməyə çalışırlar”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər