media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c

Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, bloklanmış Instagram səhifəsinin bərpası üçün R/N Telekoma müraciət edib. Onun sözlərinə görə, müraciətdən sonra iş İsmayıl bəy adlı şəxsə həvalə olunub və həmin şəxs səhifəni bərpa edib.

Şikayətçinin sözlərinə görə, İsmayıl bəy ona bir müddət ərzində səhifənin şifrəsini dəyişməməyi, prosesi nəzarətdə saxlamalı olduqlarını bildirib. Vətəndaş da bununla razılaşıb.

Lakin təxminən bir həftə sonra şikayətçinin iddiasına əsasən, İsmayıl bəy səhifənin şifrəsini dəyişərək hesabı dondurub. Daha sonra isə vətəndaşa səhifəsinin yenidən bloklandığını bildirərək, guya Instagram tərəfindən bərpa üçün 195 ABŞ dolları tələb olunduğunu deyib. Bundan əlavə, 100-200 manat məbləğində “usta haqqı” adı ilə əlavə ödəniş də istənildiyi qeyd olunur.

Şikayətçinin sözlərinə görə, sübut tələb etdikdə İsmayıl bəy ona süni intellekt vasitəsilə hazırlanmış olduğu iddia edilən Instagram görüntüsü və saxta Birbank qəbzi göndərərək, 195 ABŞ dollarını onun əvəzinə ödədiyini və bu məbləğin sonradan geri qaytarılmasını istəyib. Vətəndaş bildirir ki, daha sonra İsmayıl bəy göndərdiyi həmin saxta Birbank qəbzini və digər yazışmaları silib. Vətəndaş təqdim olunan materialların saxta olduğunu iddia edərək ödəniş etməkdən imtina edib.

Məsələ ilə bağlı sosial media üzrə mütəxəssis Nihat Abbasovla da əlaqə saxladıq. O bildirib ki, Meta şirkətinə məxsus tətbiqlərdə – Instagram, Facebook və Threads platformalarında bağlanmış səhifələrin bərpası üçün rəsmi olaraq istifadəçilərdən heç bir ödəniş tələb olunmur.

Qeyd edək ki, yazıda yer alan məlumatlar vətəndaşın müraciəti və iddiaları əsasında hazırlanıb.

Ümid edirik ki, müvafiq dövlət orqanları məsələni araşdıracaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Günay Salayeva


Bənzər xəbərlər